Təəssürat böyük oldu, yazmaqla bitməz. Hər halda gördüklərimizi gördük, qürur duyduq. Tərtər rayounun Qapanlı kənd orta məktəbinin qız şagirdinin mətin səslə qulağıma pıçıldadığı bu sözləri heç vaxt unuda bilməyəcəyəm: "İki gün əvvəl ermənilər güllə atdı, güllə məktəbin pəncərəsini deşib stolumun üstündə düşdü. Onu əlimə götürüb bayıra atdım və başladım dərsimi danışmağa...". Təhsilini güllə altında, düşmənlə 600-700 metr məsafədə alan 15 yaşlı şagirdin üzündə 60 yaşlı bir qəhrəman komandirə məxsus cizgilər var idi, əlləri çat-çat, saçları pırpız. Susuz səhralar kimi dodaqları çat vermişdi. Amma gül qoxuyurdu. Havası barıt qoxuyan kəndlərimizin şagirdləri bütün jurnalistlərə dərs keçdilər. Hərbi xidmətdən yayınan bəzi həmkarlarımız bu qızın dodaqlarından qopan kəlmələrin qarşısında məhv olurdu, sanki söz deyil, mərmi tökülürdü üstümüzə. Müşahidə edirəm: dərs bitdi, təmas xəttindən güllə səsləri eşidildi, kəndə atəş açıldı, şagirdlər heç nə olmamış kimi məktəbdən çıxıb ermənilərin açıq-aşkar gördüyü piyada yolu ilə evlərinə getməyə başladılar. Sözün əsl mənasında heç nə veclərinə deyildi. Biz bu cür qızlarımızın bircə nəfəsi ilə Qarabağımızı ala bilərik, amma Bakının küçələrində yüz minlik maşınlarla qudurğanllıq edib məktəbə "bazlığa" gedən tör-töküntülərlə hər şeyimizi itirə bilərik. Onsuz da onlar hər şeyini itiriblər. Polis saxlayan kimi dədəsinə zəng edib özünü "milli qəhrəman" kimi aparan belələrini o kəndlərdə bir saat saxlamaq olmaz. O kiminisə satacaq... Bir sözlə, hər şeyini itirıəcək.

Ağdamın Çəmənli, Əhmədağa, Qaradağlı, Ağcəbədinin Hindarx kəndində olduq. Bu kəndlərin şagirdləri gözümüzə şagird kimi yox, döyüşkən bir ordunun əsgərləri kimi görünürdü. Müəllimlər sadəcə mundirsiz komandirlər idi. Düşəmənlə 1 km məsafədə düşmənlə döyüşür, təshil alır, gələcəyini qururlar bu kəndlərdə. Elə düşmənlərlə üzbəüz dayanıb təhsil almaq əsl döyüşdür. Təhsil, təhsil, yenə də təhsil. Aman savadsızlıq, cahillik əlindən. İsrail-Misir müharibəsi zamanı bütün dünya əmin idi ki, Misir qalib gələcək. Çünki Misirin ordusunun və silahlarının sayı İsrailin nəinki ordusundan, hətta ümumi əhalisindən də çox idi. Bəs nəticə necə oldu? İsrail qalib gəldi. Misir raketlərini İsrailə tərəf çevirdi. İsrail heç yerə getmədən Misirin bütün raketlərini yerində dondurdu. Elm, təhsil qələbə qazandı. ABŞ bu gün bütün dünyanı təhsil və elm hesabına idarə edir. Bu ölkədə ən çox vəsait elmə, təhsilə, elmi-texniki inkişafa ayrılır. Nəticə göz qabağındadır: Oturduğu yerdə müharibə aparır, bircə güllə atmadan qalib gəlir, məqsədlərinə çatır. Nə isə, mətləbdən qaçmayaq.

Əsl qəhrəmanlarımız, əsl igidlərimiz düşmənlə üzbəüz mövqedə yaşayanlar, orada xidmət edənlərdir. Döşək üstündə güləşib kimisə yıxan şəxs qəhrəman deyil, o, "döşək qəhrəmanı"dır. Əsl qəhrəmanlar hər gün düşmənlə döyüşənlər, orada təhsil alanlardır. Bakıda 200 minlik "Porşe" sürən çempionlarımız yağ-bal içində böyüyənlər, cəbhədə xidmət etməyənlər və döşək üstündə sadəcə əl-qol atanlardır. Bizi döşək qəhrəmanları deyil, kənd uşaqları xilas edəcək. Sabah döyüş də olsa, döyüş qəhrəmanları qaçıb gizlənəcək, amma qadınlarımız onlardan daha qeyrətli olacaqlar. Qarabağda illərlə döyüşüb sağlamlığını itirənlərdir əsl qəhrəman, yoxsa döşək üstündə beş dəqiqəlik tullanıb düşənlər!?

Bütün xəbərlər Facebook səhifəmizdə