Ucadan danışmaq güc deyil, zəifliyin səsidir…

Səsin yüksəlməsi çox vaxt gücün artması kimi təqdim olunur. Halbuki insan psixologiyası bunun əksini deyir. Ucadan danışan, qışqıran, qarşısındakını səsi ilə susdurmağa çalışan şəxs əslində fikir yoxsulluğunu, daxili balanssızlığını və özünə inamsızlığını ört-basdır etməyə çalışır. Çünki həqiqi güc səs-küydə deyil, sakitlikdə, düşüncədə və nəzarətdədir.

Ağıl qışqırmır. Ağıl dinləyir, ölçür, dəyərləndirir. Ucadan danışmaq çox vaxt emosiyaların idarədən çıxmasının, səbrin tükənməsinin və arqumentin bitməsinin göstəricisidir. İnsan fikrini ifadə edə bilmədikdə səsinə güc verir, çünki məntiqi tükənib. Bu isə zəifliyin ən aydın formalarından biridir.

Cəmiyyətdə tez-tez rast gəlinən bir yanlış anlayış var: “Səsini qaldırmasan, səni ciddiyə almazlar.” Əslində isə ciddiyə alınan səs deyil, sözdür. Sakit, amma məzmunlu danışan insanın təsiri qışqıran birindən qat-qat güclüdür. Tarix boyu iz buraxan liderlər, alimlər, filosoflar heç vaxt qışqıraraq dəyişiklik yaratmayıblar. Onlar düşüncələri ilə təsir ediblər.

Ucadan danışmaq ailə münasibətlərində də dağıdıcıdır. Qışqırıq sevgini qorxudur, hörməti öldürür, ünsiyyəti zəhərləyir. Uşaqlar qışqırıqla böyüdükdə ya qorxaq, ya da aqressiv olurlar. Onlar öyrənirlər ki, problemi həll etməyin yolu səslə üstünlük qazanmaqdır. Beləliklə, qışqırıq nəsildən-nəslə ötürülən bir davranış pozuntusuna çevrilir.

Münasibətlərdə ucadan danışmaq çox vaxt emosional yetkinliyin olmamasından xəbər verir. İnsan öz hisslərini idarə edə bilmədikdə qarşısındakını da idarə etmək istəyir. Qışqırıq burada bir silaha çevrilir. Amma bu silah yalnız münasibətləri yaralayır, gücləndirmir.

Ən acınacaqlısı isə budur ki, bəzi insanlar ucadan danışmağı güc, sərtlik və liderlik kimi qəbul edirlər. Halbuki əsl lider səsi ilə deyil, davranışı ilə yönəldir. Əsl güc insanın özünü saxlaya bilməsidir. Əsl cəsarət isə səssizcə haqlı qalmaqdır.

Sonda bir həqiqəti qəbul etmək lazımdır: kim səsinə nə qədər güvənirsə, ağlına bir o qədər az güvənir. Ucadan danışmaq güc deyil. Bu, daxili zəifliyin, düşüncə boşluğunun və emosional nəzarətsizliyin səsidir.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə