Azərbaycan musiqisi bizim tariximizdir, mənliyimizdir, ruhumuzun dilidir. Musiqi deyəndə təkcə bir neçə not, bir səs, bir ifa göz önünə gəlməməlidir. Bizim üçün musiqi vətəndir, bayraqdır, milli kimlikdir. Bu torpağın sazı da, muğamı da, klassik romansları da xalqın içindən çıxıb, xalqla birgə yaşayır.
O sənətkarlar ki, səhnədə dayananda təkcə oxumurdular – xalqın ruhunu dilləndirirdilər. Üzeyir bəyin notlara yazdığı milli duyğular, Bülbülün opera səhnələrində oxuduğu xalq mahnıları, Rəşid Behbudovun dünyanın müxtəlif dillərində səsləndirdiyi Azərbaycan səsi – bunlar təsadüf deyildi. Bunlar zəhmətlə, istedadla, sevgi ilə doğulmuş sənət idi.
Amma bu gün səhnəyə baxanda insanın içi sızlayır. Sanki mikrofon kimdədirsə, səhnə də onundur. İndi musiqi adı ilə səhnəyə çıxanların bir çoxu nə sənəti tanıyır, nə də xalqın zövqünü. Oxumaq yox, danışmaqdan belə aciz olanlar efirləri zəbt edib. Musiqi yox, səs-küy çoxalıb.
Əvvəllər bir mahnı illərlə dildən-dilə gəzirdi. Mahnının sözündə dərin məna, ifasında duyğu, bəstəsində ruh vardı. İndi isə bir mahnı bir həftə yaşayır, sonra unudulur. Çünki o mahnılar hissdən yox, reytinqdən doğur. İndi bir neçə saxta izlənmə ilə “ulduz” olmaq mümkündür. Amma səs yoxdursa, sənət yoxdursa, bu parıltının ömrü çox qısa olur.
Daha acı bir həqiqət var – bu bayağılığa dəstək verənlər də az deyil.
Televiziya kanalları, prodüserlər, bəzi təşkilatçılar bu səs-küyün böyüməsinə səbəb olur. Çünki onlar üçün əsas olan sənət deyil – qazancdır. Kim daha çox baxılır, kim daha çox müzakirə olunursa, ona meydan açılır. Sanki musiqi tərbiyə üçün yox, ticarət üçündür.
Bəs əsl sənətkarlar haradadır?
Onlar bu səhnənin kənarına çəkiliblər. Onlara yer verilmir, səsi az eşidilir, dəstək olunmur. Hətta bəziləri unudulmağa doğru gedir. Bu, bizim mədəniyyətimiz üçün təhlükəli siqnaldır. Əgər biz əsl sənətə, əsl ifaçılara dəyər verməsək, sabah musiqimiz öz ruhunu itirəcək.
Gənc nəsil nə eşidir?
Kimdən öyrənir?
Əgər bir uşaq hər gün efirdə bayağı, mənasız, zövqsüz musiqilər eşidirsə, sabah ondan milli musiqini sevəcəyini necə gözləyək?
Musiqi zövq formalaşdırır. Zövq isə millətin ruhunu, mənəviyyatını formalaşdırır. Əgər bu zövq korlanarsa, xalq öz dəyərlərini, mənəviyyatını da itirməyə başlayar.
Bu gün musiqimizə qarşı səssizcə zərbə vurulur. Amma biz də səssiz qalmamalıyıq. Biz bu bayağılığa qarşı söz deməliyik. Əsl sənətkara, əsl musiqiyə meydan açmalıyıq. Gözəl ifaları, canlı səsləri, dərin sözləri yenidən efirlərə qaytarmalıyıq. Əks halda, bir neçə ildən sonra səhnədə görəcəyimiz tək şey tərbiyəsiz kliplər, mənasız ritmlər, hisssiz səs olacaq.
Unutma: səhnə kimin əlindədirsə, xalqın zövqü də onun əlindədir. Əgər mikrofon sənətsizlərin əlindədirsə, sənət səssiz qalır.
Sonda bir çağırış: Ey bu musiqi ilə böyüyən insan! Əgər bir vaxtlar Flora Kərimovanı, Zeynəb Xanlarovanı, Şövkət Ələkbərovanı, Arif Babayevi dinləmişsənsə – bu günkü zövqsüzlüyə yox deməlisən!
Əgər “Qarabağ şikəstəsi” səni kövrəldibsə – bu günkü qışqırıqlara səssiz qala bilməzsən!
Əgər xalqını, dilini, musiqini sevirsənsə – sənətə sahib çıx!
Vüqar Vəliyev
Bütün xəbərlər Facebook səhifəmizdə