...Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Putin və Ukraynada müharibə cinayətlərində ittiham olunan digər beş yüksək vəzifəli Rusiya məmuru üçün həbs orderləri, Vaşinqtonun Ukrayna ilə bağlı sülh müqaviləsi layihəsində nəzərdə tutulduğu kimi, ümumi əfv elan edilsə belə, qüvvədə qalacaq.
Bunu BCM bildirib.
SİA xəbər verir ki, “The Moscow Times” qəzetinin məlumatına görə, BCM məhkəmə tərəfindən verilən orderlərin dayandırılması üçün ayrıca BMT Təhlükəsizlik Şurasının qətnaməsi tələb olunacağını açıqlayıb.
...Əgər Təhlükəsizlik Şurasının bizdən istintaqı təxirə salmağımızı istəməsinə imkan verən sülh razılaşması əldə edilərsə, bu... Təhlükəsizlik Şurası üçün siyasi proses məsələsidir. Amma bizim üçün... nəticə etibarilə, bu, ədalətin həyata keçirilməsinə mane olmayacaq.
Bunu BCM-in prokuror müavini Nəcət Şamim Xan cümə günü təşkilatın təsis sənədi olan Roma Statutuna istinadən bildirib.
2023-cü ildə BCM Putin üçün bir sıra beynəlxalq cinayətlərə, o cümlədən Ukraynanın işğal olunmuş ərazilərindən uşaqların deportasiyası və oğurlanmasına görə həbs orderini çıxarıb. Prezidentlə yanaşı, Rusiyanın Uşaq Hüquqları üzrə Ombudsmanı Mariya Lvova-Belova üçün də həbs orderi verilib.
Beynəlxalq Cinayət Məhkəməsi həmçinin keçmiş müdafiə naziri Sergey Şoyqu və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovu müharibə cinayətləri və insanlığa qarşı cinayətlərdə şübhəli bilinənlər siyahısına daxil edib.
Digər prokuror müavini Mame Mandiaye Nyanqanın qeyd etdiyi kimi, Təhlükəsizlik Şurasının prosedurları ilə bağlı yuxarıda qeyd olunan müddəaya əlavə olaraq, "biz bu siyasi razılaşmaların bəzilərini nəzərə almayan nizamnaməmizə əməl etməyə borcluyuq".
Noyabr ayında media orqanları ABŞ-ın 28 maddəlik sülh təklifinin ilk layihəsini dərc etdi. Maddələrdən birində "münaqişədə iştirak edən bütün tərəflərin müharibə zamanı etdikləri hərəkətlərə görə tam əfv alacağı" qeyd olunurdu. Lakin ötən həftə ABC News mənbələri ABŞ-ın Cenevrədə Ukrayna nümayəndə heyəti ilə danışıqlar zamanı yenidən işlənmiş qısaldılmış sülh təklifindən Rusiyaya müharibə cinayətlərinə görə əfv bəndini çıxardığını bildirdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB