İsveçdə Milad hədiyyələri ilə bağlı xərclər artmaqdadır

İsveçlilər bu il Milad hədiyyələrinə əvvəlki illərlə müqayisədə xeyli çox pul xərcləməyi planlaşdırırlar. “Länsförsäkringar” şirkəti tərəfindən aparılan sorğuya görə, orta statistik isveçli 3348 kron (351 dollar) xərcləməyi güman edir ki, bu da əvvəlki ilə nisbətən 300 kron çoxdur.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, xərclərin artması bəzi insanlarda maliyyə vəziyyətinin yaxşılaşması və iqtisadiyyatla bağlı narahatlıqların azalması ilə əlaqələndirilir.

Bununla belə, maliyyə problemləri riski də artır. Hər beş nəfərdən biri ödəyə biləcəyindən daha çox pul xərclədiyini etiraf edir, təxminən üçdəbiri isə istədiklərindən daha çox pul xərclədiyini deyir. İqtisadçılar xəbərdarlıq edirlər ki, bayram alış-verişi üçün götürülən bahalı kreditlər borc problemlərinə səbəb ola bilər.

Tədqiqat, həmçinin müxtəlif gəlir səviyyəli qruplar arasında xərclərdə əhəmiyyətli fərqlər aşkar edib. Ayda 20 min krondan çox gəliri olan insanlar təxminən 2 min kron (210 dollar), 40 min krondan çox qazananlar isə 5 min krondan (530 dollar) çox xərcləməyi planlaşdırırlar.

Ən populyar hədiyyələr geyim və dəb mallarıdır (təxminən 40%), ardınca oyuncaqlar, interyer əşyaları və məişət malları yer alıb. Respondentlərin təxminən 5 fazi ümumiyyətlə hədiyyə almağı planlaşdırmır.

İqtisadçılar büdcələrindən əmin olmayanlara əvvəlcədən xərclər planını tərtib etməyi, limit qoymağı, vəziyyəti ailəsi ilə müzakirə etməyi və bayramlardan sonra maliyyə çətinlikləri ilə üzləşməməq üçün kreditləri yoxlamağı məsləhət görürlər.

Bütün xəbərlər Facebook səhifəmizdə