Kaya Kallas ABŞ-nin Aİ-yə qarşı tənqidini qismən ədalətli hesab edir

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ-nin yeni Milli Təhlükəsizlik Strategiyasını Avropaya münasibətdə qismən ədalətli adlandırıb. SİA-nın xarici KİV-ə istinadən verdiyi məlumata görə, o, bu barədə Dohada keçirilən beynəlxalq forumda deyib.

"Tənqid çoxdur, amma mən düşünürəm ki, bu, qismən ədalətlidir. Əgər Avropaya baxsaq, o, Rusiya ilə qarşıdurmada öz gücünü lazımınca qiymətləndirmir", - K.Kallas bildirib.

O həmçinin vurğulayıb ki, ABŞ hələ də Avropa İttifaqının əsas müttəfiqi olaraq qalır:

"Mən düşünürəm ki, biz müxtəlif məsələlərdə həmişə eyni mövqedə olmamışıq, lakin mənim fikrimcə, ümumi prinsip dəyişməz olaraq qalır. Biz əsas müttəfiqlərik və birlikdə olmalıyıq".

Qeyd edək ki, Ağ Evin saytında dərc edilən ABŞ-nin yeni Milli Təhlükəsizlik Strategiyasında Avropa "özünə inamsız" kimi qələmə verilib.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə