Bu gün dövrümüz üçün ən aktual məsələ qida təhlükəsizliyi, gigiyena qaydalarına riayət olunması, insan sağlamlığı üçün olduqca vacib önəm daşıyan qidaların düzgün istehsal və istehlak qaydalarıdır. Təbii qidaların qəhətə çəkildiyi bir zamanda yaşadığımız üçün bu önəmli mövzu günü bu gün bütün zamanlardan daha aktualdır. Amma... amma bəribaşdan min dəfə təəsüflə bildirməliyik ki, bu məsələdəki nöqsanlar, nəzarətsizlik, bir çox hallarda saxta məhsulların bazar və marketlərə ayaq açmasına “göz yumulması” illər, on illərdir, həttda əsrlərdir “axsaya-axsaya” yol gəlir bizimlə. Hər məsələdə olduğu kimi, mədəmizə ötürdüyümüz, sağlamlığımız üçün bir nömrəli önəm daşıyan qida məsələsində də axsamaqda davam edirik.
Bəli, görünən reallıq odur ki, digər qüsurlu “ənənələlər” kimi, qida təhlükəsizliyi məsələsində, o cümlədən gigiyena qaydalarında bircə addım da irəli gedə bilməmişik. Hər məsələyə olduğu kimi, gigiyena və qida təhlükəsizliyimizə də laqeyd münasibətimiz günü bu gün də davam edir. Əsrlərdir beynimizdə kök salmış yanlış düşüncə tərzi bizi uçurumun lap kandarına gətirib çıxarıb. Hətta real danışsaq, uçurumun düz ortasındayıq...
Ölkəni göbələk kimi başına alıb gedən supermarketlərin rəflərinə düzülən ən ucuzundan başlamış ən bahalısına qədər bütün məhsullar nə nəzarətdən keçir, nə standartlara uyğunluğu yoxlanılır, ən dəhşətlisi də bu məhsulların keyfiyyət dərəcəsi naməlum olaraq qalır. Aparıcı Avropa ölkələrinin brend nişanlarına bükülmüş, amma içi TƏZƏK olan saxta “brend məhsullar” bazarlarda ayaq tutub yeriyir. Min təəsüf ki, istehsala və istehlaka nəzarətsizlik, ən əsas da qida təhlükəsizliyinə olan barmaqarası yanaşma ucbatından Azərbaycan vətəndaşlarında bütün məhsullara qarşı “saxtadır, üz kağızında Avropa brendi yazılsa da içindəkilər Bakının sexlərində hazırlanıb” düşüncəsi formalaşdırıb. On illərdir ki, bu ölkədə vətəndaşın yerli istehsala inamı qalmayıb, hətta yerli istehsala ikrah hissi ilə yanaşır. Niyə? – saxtakarlığa, başdansovdu “istehsala” görə!
Əslində, Azərbaycan əhalisinin yerli istehsala olan bu münasibəti üzü Rusiya Çarlarından başlayıb. Hətta sovetin qılınc kəsən vaxtları da qida təhlükəsizliyinə, ticarət qaydalarına olan münasibətimizi zərrəcə də dəyişdirə bilmədi. Daha doğrusu, mənfi qüsurlarımıza bir “dur” deyən tapılmadı. Sovet hökumətinin cırhacır vaxtlarında “Mozalan” telejurnalının Bakıda istehsal olunan ən müxtəlif məhsullar barədə dad çəkdiyi sujetlər də “dil açıb” çox şeyi deyir. Biz düzəlmirik ki, düzəlmirik. “Şirinlik”, “hörmət” kimi rüşvət terminləri cəmiyyətimizi gənə kimi yeyib dağıtmaqda davam edir. Xüsusilə nə olur-olsun cibini doldurmaq hərisliyi bu cəmiyyətin axırına çıxan ölümcül xəstəlik kimi bu gün daha dəhşətli xarakter alıb.
Min dəfə təəssüf olsun ki, ancaq ciblərini və doymaq bilməyən gözlərini “doldurmaq” üçün yerli işbazlar əhalimizin qida təhlükəsizliyini də hərraca qoyublar. “Biznesmen və şirkət sahibi” libasına bürünmüş belə cinayətkarlar öz xalqına qarşı ağla gəlməyən min cür pisliklərdən çıxır, sərvət toplamaq üçün milyonlarla insanın sağlamlığını gözünü qırpmadan təhlükəyə atırlar.
Marketlərdə Masazır və Hövsandakı sexlərdə marqarin yağından hazırlanan keyfiyyətsiz “yağlar” bəh-bəhlə, üzərində dünya miqyasında tanınmış və etibarlı yağ firmalarının etiketi olan bahalı yağlar kimi əhaliyə sırıdılır.
Bunun kolbasa məhsulları da, şəkər və şirniyyat məmulatları da, geyim dəstləri də elə bu gündədir. Və ən dəhşətlisi odur ki, ən sadə vətəndaşın belə bütün bunların saxta olduğunu aydınca gördüyü bir vaxtda bu dəhşətli cinayətin aradan qaldırılması üçün heç kim hərəkətə keçmir. Aidiyyatı qurumların sanki “gözləri qapanıb”, piştaxtalardakı saxta, keyfiyyəti yerlə sürünən “məhsulları” görmürlər. Nədən marketlərdə - fərqi yoxdur, istər adi kiçik mağaza olsun, istər supermarket olsun, istər hipermarket – yoxlanış aparılmır, vaxtı-vaxtında qida məhsullarına nəzarət mexanizmi yardılmır? Əlbəttə, cavabı on illərdir alınmayan sualdır. Olan xalqın genofonduna olur.
Saxta, insan sağlamlığı üçün zərərli məhsullar həm də o deməkdir ki, Azərbaycan vətəndaşının ömür yolçuluğu da çox uzağa getməyəcək. Bu saxta məhsullarla güc-bəla əlli yaşı aşıra biləsən. Bu o deməkdir ki, milli genefonumuz məhv olur, sayımız azalacaq, artmayacaq. Beləcə, öz əlimizlə öz evimizi yıxmaq, rüşvət müqabilində qüsurları “görməmək” xəstəliyimiz sonumuzu yaxınlaşdırır..
Mətləb Salahov
Bütün xəbərlər Facebook səhifəmizdə