FRANSA: demokratiyanın beşiyində, yoxsa eşiyində?.. -KÖŞƏ

Özünü hər zaman demokratiyanın beşiyi adlandıran, bütün dünyaya demokratiya "dərsi" keçən Fransa elə hər zaman da bəzi ölkələrdəki ictimai-siyasi hadisələrə yersiz müdaxilələri ilə demokratiyanın hələ içərisinə girə bilmədiyini, eşiyində qaldığını sübut edir.

Biz belə demokratikləri çox görmüşük. Dünyaya "demokratik fikirlərlə" meydan oxuyan, əslində isə demokratiyanın nə olduğunu bilməyən, bəlkə də bilə-bilə boğanları çox görmüşük. Bunu illərlə "erməni demokratiyasını" dəstəkləyən Fransanın timsalında görmək bir o qədər də təəccüblü deyil. Çünki kim həmişə nədən bəhs edirsə, deməli, onda o yoxdur. Fransada demokratiyanın olmadığı kimi.

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Fransaya ezam olunmuş, həm də Şengen vizası olan əməkdaşı Aygün Həsənovaya Yeni Kaledoniyada yerli polisin nalayiq, qəddar rəftarı, ona qarşı qanunsuz davranışı əsassız tələblər irəli sürməsi bu "demokratik" ölkənin demokratiyasını sərgiləyir.

Belə bir sual çıxır meydana. Fransa əslində demokratik, yoxsa diktator ölkədir? Bu sualın cavabı jurnalistimizin qarşılanması və yola salınmasındadır. Uzağa getmək lazım deyil. Fransa diktaturası müstəmləkəsi Yeni Kaledoniyada demokratiyadan çox uzaqda olanları çəkib göstərəcək, yazıb dünyaya ötürəcək jurnalisti buraya niyə qoymalı idi? Paxırlarını açmaq üçünmü? Dünyadakı "demokratik" imicinə xələl gətirmək üçünmü?

Belə isə, Fransanı anlamaq da bir o qədər çətin deyil. Bu dövlət eyib və qüsurlarını ört-basdır etmək üçün söz, ifadə azadlığına qarşı çıxmayıb, nə etməli idi? Əslində özünü dünyaya əsl mahiyyəti ilə tanıtmaqda bundan yaxşı yol ola bilməzdi.

Yeni Kaledoniya xalqının zülmdən qurtulmaq, azadlığına qovuşmaq uğrundakı mücadiləsini işıqlandırmaq Fransaya sərf edəcək məsələdirmi? Əsla. Axı bu məsələ işıqlandırılsaydı, illərlə ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətini bəyənən, dəstəkləyən, hələ üstəlik "erməni soyqırımına " göz yaşı tökən Fransa dünya qarşısına başqa bir formada çıxmalı, demokratik anlayışın elə bumu olduğuna cavab verməli idi. Yeni Kaledoniya Fransanın üzr qarası, dırnaqarası demokratiyasının iç üzüdür. Buradakı həqiqətlərin bir jurnalistin, həm də azərbaycanlı jurnalistin görməsi Fransanın dünyadakı "nüfuzu" məsələsini ortaya qoyurdu axı.

Elə bütün bunlara görə də yerli polis lap əvvəldən məlumatlandırılmışdı. Yəni sənəddə "azərbaycanlı" göründüyü təqdirdə qarşılanma və yolasalma bu cür olacaqdı. Fransanın bu mövzuda başqa addım atmaq yolu yox idi. Lakin özünü başqa imiclə qələmə verdiyi dünyada bundan gözəl tanınmaq yolu da yox idi ki, bu da əməllərinin nəticəsi kimi gözləmədiyi təqdirdə qarşına çıxdı.

Dünya ədalətinin, demokratiyasının ayağa qalxmaq, Fransanın xırtdəyindən tutub demokratiyasının bumu olduğunu soruşmaq vaxtıdır. Qoy cavab versin, görək, media ilə, jurnalistlə bu cür davranmağı hansı demokratik əsasla həyata keçirir. Cavab versin, görək, jurnalistin fəaliyyətini məhdudlaşdırmaq hansı demokratik meyardan doğur.

Jurnalist həmkarımıza qarşı nalayiq hərəkət və davranışları bütün dünya jurnalistlərinə göstərilən təzyiq və təhqir hesab edirik. Çünki Fransanın müstəmləkəsinə dünyanın istənilən ölkəsindən jurnalist gedə bilərdi. Onların hər biri belə qarşılanacaqdımı? Bu bir qədər qaranlıq olsa da, düşündürücüdür.

Fransa dövləti bu, öz göstərişi deyilsə, günahkarın tezliklə cəzasını almasına çalışmalıdır. Bununla dünyaya ya öz demokratiyasını, ya da diktatorluğunu nümayiş etdirməli olacaq. Bir sözlə, dünya bilməlidir ki, əslində Fransa demokratiyanın beşiyinin içindədir, yoxsa eşiyində...

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə