Fransa Milli Assambleyasının sədri İrəvana gəldi və qısa müddətdən sonra qayıdıb öz məmləkətinə getdi. Bu səfər “kçik bacısı”na qonaq gəlməkdən çox spikerin çapar kimi rolunu da təsdiqlədi. Yael Bron-Pivet Makronun Ermənistan rəhbərliyinə və ermənilərə birbaşa, necə deyərlər gözlərinin içinə baxa-baxa deyə bilməyəcəyini fikirləri hər kəsin yanında, mətbuatın önündə heç kimdən çəkinmədən deyə bildi. Əslində Ermənistan bu mövqeni Fransadan gözləyirdi. Bəd xəbər yüyrək olar, yaxud pis xəbərin atı yüyrək olar, deyib atalar. Ermənilər bəd xəbərin sorağını çoxdan almışdılar. Ona görə də səfər sanki formal xarakter daşıyırdı...

Yadımıza ABŞ Konqresinin Nümayəndələr Paltasının keçmiş spikeri Nensi Pelosi (Nensi nənə) düşdü. Onun səfəri daha ajiotajlı keçdi. Hətta amerikalı spiker göz yaşları da axıda bilmişdi qəbristanlıqda. 44 günlük müharibədə ölən ermənilər üçün yox, 100 il bundan əvvəl olmayan, qondarma “soyqırımı” qurbanları üçün. Ermənistan rəhbərliyi o qədər inanmışdı ki, bu səfərin nəticələrinə, hətta İrəvanın ortasında Rusiyaya qarşı etiraz aksiyası keçirmişdilər, əzəli dostlarını, “böyük qardaşlarını” lənətləmişdilər və Rusiyanın Ermənistandan getməsini tələb etmişdilər. Səfərin təsiri altından qurtula bilməyən Ermənistan hakimiyyəti bu gün də Rusiyanı özünə düşmən hesab edir. Fransalı spikerin səfərə gələcəyi barədə ilkin xəbərlər yayılanda rəsmi İrəvan Qərbin dəstəyinin davamlı olacağı ümidi ilə anti-Rusiya ritorikasını davam etdirməklə yeni ağalarına xoş görünmək istəyirdi. Amma Pelosi tarixə gömüldü və ermənilərin Amerikaya inamı da eyni aqibəti yaşadı. Fransa isə...

Fransa Ermənistanın olub-qalan ümidlərinin üstündən xətt çəkdi. Paşinyan və komandası elə düşünürdü ki, Bron-Pivet öz gəlişi ilə çoxdan yığılıb qalmış, lakin İrəvanın gücünün yetmədiyi problemləri birdəfəlik həll edəcək, Laçın yolunu açacaq, Ermənistanın Qarabağda qurduğu separatçı rejimin leqallaşdırılmasına yardımçı olacaq. Bəzi ermənilər isə bir az da dərinə gedərək xanım spikerin səfəri zamanı özü ilə Fransanın Qarabağın müstəqilliyinin tanıması barədə rəsmi sənədi də gətirəcəynə ümidlənmişdilər. Amma ümidləri puç olan təkcə separatçı qurumun “rəhbərləri” yox, həm də Ermənistan rəhbərliyi oldu.

Fransa BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir. Nə qədər Ermənistanın qəyyumu, “böyük bacısı” rolunda çıxış etsə də, Azərbaycana qarşı ermənipərəst addımlar atsa da beynəlxalq qanunlara, BMT Nizamnaməsinə əməl etmək də bu ölkənin üzərinə götürdüyü öhdəliklərdəndir. Hər güclü dövlət istədiyi regionda, yaxud hər hansı ölkənin daxilində baş qaldıran separatçılığı dəstəkləsə, yaxud onu beynəlxalq hüququn subyekti kimi qəbul etsə, suverenliyini tanısa, onda dünyada mövcud olan ölkələrin sayı indikindən 5-10 dəfə çox olar. Ona görə də Fransada və Ermənistandakı ermənilərin təbliğatına uymaq, ciddiyə almaq lazım deyil. Erməilərin son ümidi də İrəvanda xanım spikerin keçirdiyi mətbuat konfransında öldü. Separatçı, ermənisayağı verilən suallar Bron-Pivet çox qısa və tutarlı cavab verdi. Bildirdi ki, Fransa qondarma respublikanın müstəqilliyini tanımır və tanımaq fikri də yoxdur. Çünki bu, Fransanın imkanları xaricindədir. Ermənilər bundan sonra bu barədə özlərini əziyyətə salmamalıdır. Çünki Fransanın özündə də müstəqillik əldə etmək üçün növbə gözləyən regionlar var. Fransa beynəlxalq hüququ əsas götürür və bu hüquq da qondarma rejimlərin tanınmasını qəbul etmir.

Bir az əvvələ, fransalı xanım spikerin İrəvana səfərinə və erməni həmkarı ilə görüşünə qayıdaq. Qonaqları salamlayan Alen Simonyan Yael Bron-Pivetin Fransa Milli Assambleyasının Ermənistana səfər edən ilk spikeri olduğunu qeyd edib və bu səfərin “tarixi” olduğunu bildirib. “Biz iki millətik, amma bir sivilizasiyayıq. Münasibətlərimiz mehriban və istidir, Fransa ölkəmiz və vətəndaşlarımız üçün əzizdir”, - deyə Alen Simonyan bildirib. Simonyan az qala özünü fransızlarla tərəzinin eyni gözünə qoymağa cəhd edib. Əlavə edib ki, Azərbaycanın və onun müttəfiqi Türkiyəyə qarşı yalnız Ermənistan-Fransa həmrıyliyi və birliyi dayana bilər.
Simonyan 44 günlük müharibədən sonra Fransa Milli Assambleyasının qəbul etdiyi qətnamələri xatırladıb, Azərbaycana qarşı sanksiyalar təklif edən qətnamənin qəbulunu əlavə edib. Və bütün bunlarla Simonyan çalışıb ki, ermənilərin utopiyasını reallığa çevirmək üçün spiker həmkarının "saqqızını oğurlasın". Amma Nensi saladan fərqli olaraq fransalı xanım bir az sərt çıxıb və “dünən də, bu gün də, biz həmişə erməni xalqının tərəfində olacağıq” deyə onsuz da ölən erməni ümidlərinə qığılcım atıb.

Beləliklə Fransadan Ermənistana öldürücü zərbə vuruldu. O da məlum oldu ki, Fransa yalnız sözdə dostdur, maraqları naminə "kiçik bacısı"nı belə qumara qoyar. Axı, bura Fransadır, həm də Makronun Fransasıdır…

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə