Ali Məhkəmədə media rəhbərləri ilə görüş keçirilib YENİLƏNİB-FOTOLAR - VİDEO

Bu gün Azərbaycan Respublikasının Ali Məhkəməsində Mətbuat Şurasının təşkilatçılığı ilə kütləvi informasiya vasitələrinin (KİV) rəhbərləri ilə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşdə Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri Ramiz Rzayev, Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, media kapitanları və sayt redaktorları iştirak edb.

Tədbiri giriş sözü ilə açan Ali Məhkəmənin sədri Ramiz Rzayev məhkəmə sistemində görülən işlərin media tərəfindən düzgün qaydada işıqlandırılmasına ehtiyac olduğunu bildirib: "Jurnalistlər məhkəmənin işi haqqında cəmiyyətə məlumat verməkdə maraqlıdırlar. Amma jurnalistlər öz peşəsindən sui-istifadə hallarına yol verməməlidirlər. Hüquqi dövlət quruculuğunun mühüm məsələləri sırasında KİV-lərin cəmiyyətdə rolu və məhkəmə hakimiyyəti ilə münasibətləri xüsusi yer tutur. Dövlət quruculuğunda hər bir yeniliyin, o cümlədən məhkəmə hüquq islahatlarının geniş miqyasında yeniliklərin informasiya təminatına və KİV-lərin dəstəyinə ehtiyacı vardır. KİV ictimai fikri, əhalinin hüquqi mədəniyyətini formalaşdırır və s. Lakin məhkəmə hakimiyyətinin həmişə dövlət mənafeyini müdafiə edən icra hakimiyyətindən müəyyən fərqləri var. Məhkəmə baxışının aşkarlığı ədalət mühakiməsinin əsas prinsiplərindən biridir. Açıq məhkəmə baxışı şərait yaradır ki, məhkəmənin fəaliyyətinə cəmiyyət tərəfindən nəzarət edilsin. Bu da hakimlərin intizamını və məsuliyyətini artırır. Digər tərəfdən isə məhkəmə iclasında iştirak edən şəxslər məhkəmənin fəaliyyəti ilə tanış olurlar. Məhkəmə iclasının açıqlığı məhkəmələr və cəmiyyət arasında əlaqəni təmin edir”.

Ramiz Rzayev əlavə edib ki, 2000-ci ildən bu günə qədər Azərbaycanda mülki işlərin sayı 20 dəfə artıb: “2000-ci ildə Azərbaycan məhkəmələri 22 min mülki işə baxıb. 2016-cı ildə isə 470 min mülki işə baxılıb. 2017-ci ildə müəyyən qanunlarda edilən dəyişikliklərə görə mülki işlərdə azalma var. Bu dövrdə cinayət işlərinin sayı azalıb. İstər 2000-ci il olsun, 2005-ci il olsun, ya bu gün olsun, cinayət işlərinin sayı 15 mini keçməyib. Ümumiyyətlə, Azərbaycanda ağır cinayətlərin sayında artım yoxdur. Bu da böyük bir nailiyyətdir. Bakıda orta hesabla hər hakim ayda 130, rayonlarda isə hər hakim ayda 180-200 işə baxır”.

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov isə deyib ki, Azərbaycanda jurnalistlərin ixtisaslaşması sahəsində müəyyən problemlər mövcuddur: “Elə KİV-lər var ki, onların əməkdaşlarının sayı azdır və nəticədə onlar ayrıca olaraq hansısa əməkdaşını müəyyən istiqamətə yönəldə bilmir. Hesab edirəm ki, bizim birgə əməkdaşlığımız nəticəsində bu məsələləri həll etmək mümkün olacaq. Bu gün Azərbaycan jurnalistikası kifayət qədər inkişaf etmiş jurnalistikadır. Azərbaycan jurnalistikasında peşəkar əməkdaşlar kifayət qədər çoxdur. Ancaq jurnalistlər dəyişir və yeniləri gəlir. Biz bu kimi tədbirləri digər dövlət orqanları ilə də təşkil etmişik. Hesab edirəm ki, biz bu sayaq tədbirləri mütəmadi olaraq həyata keçirməliyik”.

“SƏS” Media Qrupunun rəhbəri Bəhruz Quliyev çıxışında bildirib ki, Azərbaycan Respublikasının Ali Məhkəməsində media təmsilçiləri ilə bu formatda görüşün keçirilməsi dövlətimiz və cəmiyyətimiz üçün çox vacibdir: “Məhkəmə hakimlərinin və jurnalistin peşəkarlığı əsas amil kimi götürülməlidir. Bəzən görürsən ki, hansısa məhkəmə prosesini jurnalistlərin işıqlandırılmasına icazə verilmir və ya maneçilik törədilir. Ümumiyyətlə, mətbuatla əməkdaşlıqdan çəkinmək lazım deyil. Siz Ali Məhkəmənin sədri kimi mətbuata açıqsınız. Amma bəzi məhkəmə hakimləri mediaya qapalıdılar. Hesab edirəm ki, bu məsələlərə baxılmalıdır və lazımi tədbirlər görülməlidir. Jurnalistlər isə öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir və sui-istifadə hallarına yol verməməlidirlər. Mən "IV hakimiyyət" olan media ilə Ali Məhkəmənin bundan sonra da qarşılıqlı şəkildə əməkdaşlıq edəcəyinə inanıram".

Daha sonra İctimai TV və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü, əməkdar jurnalist Azər Həsrət, “Gündəlik Teleqraf” MMC-nin rəhbəri Aynur Camalqızı və digərləri çıxış edərək ikitərəfli əməkdaşlığın jurnalistika sahəsinə verəcəyi töhfədən danışıblar.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə