"Biz bundan sonra daha modern idarəetmənin şahidi olacağıq" MÖVQE

Muxtar Nağıyev: "Yeni Azərbaycan Partiyasının təmsilçisi kimi Mehriban xanım Əliyevanın bu vəzifəyə təyinatı hər bir partiya üzvü arasında əlamətdar hadisə, qürur, fərəh və şərəf hissi ilə qarşılandı"

"İstər ölkəmizdə, istərsə də beynəlxalq aləmdə kifayət qədər nüfuza malik olan, həmçinin, uzun müddət Azərbaycanımızı yorulmadan və layiqincə təmsil və təbliğ edən, xalqımızın haqq səsini ən yüksək tribunalardan səsləndirən hörmətli Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi həqiqətən də Vətənini, dövlətini, xalqını sevən hər bir vətəndaşımızı sevindirdi". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının sədrinin birinxi müavini Muxtar Nağıyev Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq, Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsinə münasibətini bildirərkən deyib.

Muxtar Nağıyevin sözlərinə görə, ölkə başçısı cənab İlham Əliyevin verdiyi bu əhəmiyyətli qərar Respublikamızda çevik və uğurlu dövlət idarəetmə sisteminin tətbiqində, iqtisadi və siyasi islahatların mövcud tələblərə uyğun aparılmasında, xalqın sosial rifahının daha da yaxşılaşdırılmasında, ümumilikdə isə dövlətçilik maraqlarının qorunmasında mühüm addım kimi qiymətlənədirilməlidir: "Məhz bu baxımdan, əminliklə vurğulaya bilərik ki, biz bundan sonra ölkəmizdə daha güclü, daha modern və daha effektli idarəetmənin şahidi olacağıq. Çünki Azərbaycan xalqı bu seçimi və qərarı dəstəkləyir".

Muxtar Nağıyev Mehriban xanım Əliyevanın Azərbaycanın birinci vitse-prezidenti vəzifəsinə təyinatının dünya birliyi tərəfindən də uğurlu seçim olduğunu deyib. Onun sözlərinə görə, bu gün də dünyanın bir çox nüfuzlu ictimai-siyasi dövlət xadimləri, mötəbər beynəlxalq təşkilatlar Azərbaycanın dövlət rəhbərliyinə təbrik məktubları ünvanlayırlar: "Məhz bu faktın özü bir daha belə qənaətə gəlməyə zəmin yaradır ki, Mehriban xanım Əliyevanın fəaliyyəti ölkə hüdudlarını aşaraq xarici ölkələrdə də yüksək şəkildə dəyərləndirilməkdədir".

YAP Səbail rayon təşkilatının sədr müavini bununla yanaşı bildirib ki, Mehriban xanım Əliyevanın dövlətçilik istiqamətindəki şəxsi təcrübəsi Onun çoxşaxəli fəaliyyətinə nəzər salarkən

daha aydın görünür: "Ulu Öndər Heydər Əliyevin adını daşıyan Fond vasitəsilə həyata keçirilən humanizm və xeyriyyəçilik fəaliyyəti, millət vəkili, Gimnastika Federasiyasının prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, ən əsası isə Yeni Azərbaycan Partiyasının Sədr müavini kimi Mehriban xanım yalnız və yalnız dövlətimizin mənafeyinin yüksəldilməsi istiqamətində yorulmaz işlər aparıb. Mehriban xanımın millət vəkili qismində və təşəbbüsləri, təklifləri əsasında çoxsaylı amnistiya aktlarının gerçəkləşdirilməsi bu günə qədər minlərlə ailələrin sevincinə, qovuşmasına səbəb olmuşdur. Azərbaycanda mötəbər və ali beynəlxalq tədbirlərin keçirilməsi, xüsusilə mədəniyyət, idman sahəsində qazanılan uğurlar bu qəbildəndir. Bu gün Avropada hələ də əsrarəngiz Bakımızda Avroviziya mahnı müsabiqəsinin yüksək təşkilatçılığı barədə fikirlər səsləndirilir. O cümlədən, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi və ölkəmizin beynəlxalq idman arenasında əldə etdiyi nailiyyətlər, həmçinin, Azərbaycanın milli-mədəni sahəsini əhatə edən muğam irsinin təbliği - bütün bunlar Onun əməli fəaliyyətinin məntiqi nəticəsidir. Ona görə də hər kəs Mehriban Əliyevanın məhz bu kimi davamlı, bir-birini tamamlayan fəaliyyətini əsas tutaraq, Onun Birinci vitse-prezident vəzifəsinə təyinatına tarixi və hüquqi haqq qazandırır".

"Azərbaycanın və Qafqazın nəhəng və qüdrətli siyasi təşkilatının - Yeni Azərbaycan Partiyasının təmsilçisi kimi Mehriban xanım Əliyevanın bu vəzifəyə təyinatı hər bir partiya üzvü arasında əlamətdar hadisə, qürur, fərəh və şərəf hissi ilə qarşılandı"-deyə vurğulayan Muxtar Nağıyev son olaraq bildirib ki, bu mühüm təyinat, Azərbaycanın dünya birliyindəki əhəmiyyətli roluna öz əvəzsiz töhfələrini daha geniş şəkildə təqdim edəcək: "Əbəs yerə deyil ki, bu gün ölkəmizdə əldə edilən nailiyyətlərin hər birinin əsasında Yeni Azərbaycan Partiyasının töhfəsinin olduğu barədə fikirlər səslənməkdədir. Mehriban xanım Əliyevanın siyasi fəaliyyətinin tərkib hissəsi də məhz Yeni Azərbaycan Partiyasının təməl prinsiplərinə əsaslanır. Artıq hər bir uğur, hər bir müvəffəqiyyət vəhdət şəklində Azərbaycanımızın adını yüksəklərə qaldırır, bundan sonra da qaldırmaqda, ucaltmaqda davam edəcək. Nəticədə Azərbaycan dövləti və xalqı əldə edilən davamlı uğurların daha çox şahidi olacaq. Çünki xalqımız buna layiqdir və bizim hər birimiz Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyinatını ən layiqli seçim kimi qiymətləndiririk. Bu fərəhli təyinat dövlətimiz və xalqımız adına xeyirli və uğurlu olsun".

Rəfiqə KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə