“Paşinyan təzadlı bəyanatlarını davam etdirsə vəziyyət çətinləşəcək” RƏY-ÖZƏL

“Paşinyan daxili təzyiqlərlə üzləşəndə bir, xarici təzyiqlərlə üzləşəndə isə tamam başqa bəyanat verir. Bu onun nə qədər zəif olduğunu göstərir. Əlbəttə, Paşinyan bu məsələdə vahid dəsti-xətt seçməlidir, ortaq məxrəcə gəlməlidir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

O bildirib ki, Paşinyan daxili konyunkturanın tələblərinə dair addımlar atması münaqişə ətrafında mənfi tendensiya yaradır: “Sabah daxili konyunktura ondan tələb edəcək ki, daha radikal addımlar atsın. O da ya daxili konyunkturanın güdazına gedəcək, ya da onun tələblərinə uyğun hərəkət edəcək. Amma bu, Dağlıq Qarabağ münaqişəsi ətrafında mənfi tendensiya yarada bilər. Çünki biz faktiki olaraq, zəifləmiş qarşı tərəflə qarşılaşırıq. Biz onunla razılaşma əldə etsək, kim qarantiya verə bilər ki, Paşinyan sabah bu mövqeyindən geri çəkilməyəcək? Bu, məyusedici haldır, digər tərəfdən isə Ermənistan daxilindəki real vəziyyəti göstərir”.

İ. Vəlizadə qeyd edib ki, əslində Azərbaycan Paşinyanla dil tapa bilər: “Çünki Paşinyan Qarabağ müharibəsində iştirak etməyib. Eyni zamanda, müharibənin nəticəsinin məsuliyyətini daşımır. Koçaryan və Sarkisyandan fərqli olaraq, əli azərbaycanlı qanına batmayıb. Onun digərlərindən fərqi budur ki, sülhə can atır və müharibə adamı deyil, ən azı hərbçi deyil. Koçaryan və Sarkisyan isə müharibədə iştirak etmiş adamlardır. Serj Sarkisyan isə ümumiyyətlə, hərbçi idi, həmin dönəmdə Ermənistanın müdafiə naziri postunu tuturdu. Paşinyanı isə onlardan fərqli olaraq, “sülh adamı” saymaq olar. Yəni, müəyyən əsaslar var ki, Azərbaycan tərəfi onunla dil tapa bilsin. Amma hər şey konkret addımlardan asılıdır. Lakin Paşinyan gələcəkdə də indiki kimi təzadlı bəyanatlar səsləndirsə, vəziyyət çətinləşəcək. Ümumiyyətlə, Paşinyan kimi adamlarla danışmaq çox çətindir. Belə adamlar bu gün bir, sabah başqa söz deyirlər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə