“Heydər Əliyev Fondu dünyada milli irsimizin ən yaxşı təbliğatçısına çevrilib” - DEPUTAT ŞƏRH ETDİ

“Heydər Əliyev Fondu 20 illik fəaliyyəti dövründə Azərbaycanın tarixi, maddi və mədəni irsinin dünyaya tanıdılmasında mühüm rol oynayıb. Fondun fəaliyyəti çoxşaxəlidir. Bu, humanitar sahədən elm sahəsinə, Azərbaycan xalqının haqq səsinin dünyaya çatdırılmasından başlamış sosial sahələrə qədər bütün sferaları əhatə edən titanik fəaliyyətdir. Heydər Əliyev Fondunun “Yeni Azərbaycana yeni məktəblər” layihəsi, “Xocalıya ədalət!” kampaniyası, müxtəlif xəstəliklərdən əziyyət çəkən vətəndaşlarımızın sağlamlığının bərpa olunması ilə bağlı həyata keçirdiyi fəaliyyət Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanıb”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, Heydər Əliyev Fondu Ulu Öndərin yaratdığı milli irsimizin ən yaxşı təbliğatçısına çevrilib: “Azərbaycanın maddi və mənəvi abidələrinin UNESCO-da pasportlaşması, tanıdılması, xalqımızın yaratdığı irsin dünyada təbliğ olunmasında Heydər Əliyev Fondunun fəaliyyəti əvəzsizdir. Torpaqlarımız işğaldan azad edildikdən sonra əcdadlarımızın əsrlər boyu yaratdığı dini, maddi-mədəni irsin bərpa olunmasında Fond çox böyük işlər görüb. Milli musiqimizin təbliği ilə əlaqədar muğam müsabiqələrinin keçirilməsi, Azərbaycan muğamının dünyaya tanıdılması istiqamətində Heydər Əliyev Fondu xeyli sayda tədbirlər həyata keçirib”.

“Bir sözlə, fəaliyyət göstərdiyi 20 illik bir dövr ərzində Heydər Əliyev Fondu Ulu Öndər Heydər Əliyevin adına layiq olaraq humanist dəyərləri təbliğ edən mühüm bir təşkilat kimi tanınıb. Şübhəsiz ki, bütün bunlar Fondun prezidenti Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Məhz Mehriban Əliyevanın rəhbərliyi sayəsində Heydər Əliyev Fondu dünyada Azərbaycanı tanıdan təşkilata çevrilib”,- deyə deputat qeyd edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə