“Qarabağ klanı” kilsə ilə birləşib keçmişi qaytarmağa çalışır

Ermənistanda ikitirəlikdir, desək azdır, hətta daha çoxa bölünmüş vəziyyətdədir. Hakimiyyət, özünün dediyinə görə Ermənistanı və erməniləri xilas etmək üçün qonşuları ilə sülh yollarını axtarır. Ermənilərin Paşinyana və onun komandasına qarşı çıxan hissəsi isə özünü təyinetmənin, erməni kimliyinin məhv edildiyini, bir millət kimi yer üzündən silinməyə çox az qaldığını və bunun da bütün günahının indiki hakimiyyətdə olduğunu düşünərək küçə etirazlarına başlayıb. Hakimiyyət reallıqdan çıxış edir, Azərbaycanın masaya qoyduğu sənədlərin inkar edilə bilməyəcəyini anlayır və buna qarşı heç bir arqument qoya bilmir. Paşinyanın əlehdarları isə qanundankənar, daha çox cəngəllik qanunlarına istinad edərək vaxtilə işğal etdikləri Azərbaycan torpaqlarını verməyəcəklərində israr edərək etiraz aksiyalarına, özlərinin dediyinə görə ölüm-dirim savaşına çıxıblar.

Məsələ burasındadır ki, işğalçılıq, başqasının malına-mülkünə göz dikmək, barbarlıq təkcə Ermənistanda yaşayan ermənilərin deyil, bu bütün dünyada yaşayan ermənilərin mərəzidir. Mayın 9-da Kilikiyanın Böyük Evinin katolikosu I Aramı Ermənistan Milli Assambleyasının deputatı, “Ermənistan” fraksiyasının katibi Artsvik Minasyan mərkəzin nümayəndəsinin müşayiəti ilə ziyarət edib. Görüşün məqsədi və müzakirə mövzusu Ermənistanda baş verən son hadisələr, xüsusən də bu gün İrəvanda keçirilən mitinq olub. Bununla bağlı fikir mübadiləsi aparılıb və xalqın səsinə qulaq asmağın, iradəsinin yerinə yetirilməsinin vacibliyi vurğulanıb.
İrəvanda və bütün respublikada itaətsizlik aksiyaları başlayıb. Bu çağırışı dünən arxiyepiskop Baqrat Qalstanyan edib. O bütün tələbələri, iş adamlarını itaətsizliyə çağırıb: “Silsilə aksiyalara başlayın və bu təzyiq bütün respublika ərazisində olmalıdır. İnsanlar bunun belə olmasını, dövləti şoka salmaq istəyir, başqa yol yoxdur”.

Ekspertlər bu qarmaşada Rusiyanın əlinin olduğunu sübut etməyə çalışırlar. Moskva Ermənistanda primitiv əks-inqilab həyata keçirməyə çalışır, öz “gözdən keçirmələrini” yeni hakimiyyət kimi ermənilərə sırıyır. Aksiyanın təşkilatçıları o qədər acizdirlər ki, kimin məsləhətinə qulaq asacaqlarını hələ də qətiləşdirə bilmirlər - Rusiyanın, yoxsa Kilsənin. Kremlin cəmiyyətdə heç bir dəstəyi olmayan açıq-aydın uduzanlara mərc edərək nəyə ümid etdiyi açıq sualdır. Amma görünür, Rusiyanın sadəcə olaraq başqa himayədarları yoxdur. Yalnız bunlar var, nə qədər zənginsənsə, bir o qədər xoşbəxtsən.

“Mayın 10-da vəziyyəti kökündən dəyişdirəcək və xəyanətkar hökuməti xilas etmək üçün praktiki olaraq heç bir şans qoymayacaq bir hadisə baş verə bilər. Bu, Nikol hakimiyyətinə nə qədər zərbə olacaq!”, - rusiyapərəst bloger Mika Badalyan yazıb.

Yaxud bu ilin yanvarında Ermənilərin Milli Birlik Partiyasının təsis qurultayında partiyanın sədri seçilən Ermənistanın ədliyyə nazirliyinin keçmiş baş zabiti Mihran Poqosyan çıxış edərək indiki Ermənistan hakimiyyəti ilə hesablaşmaq üçün öz qaydaları olduğunu bildirib. Bəs, Poqosyan kimdir? O, əvvəllər vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, mənimsəmə yolu ilə xüsusilə külli miqdarda əmlakı talayıb və bu, ağır nəticələrə səbəb olub. Ölkədə hamı bunu bilir. Deməli, onun etirazlara dəstək verməsi “Vətən uğrunda döyüşmək” ideyasını gözdən salır. Poqosyan sadəcə olaraq əl sıxmır, amma Kreml yenə də onu aktivləşdirib.

Eduard Şarmazanov və Artur Vanetsyan kimi damğalanmış personajlar da döyüşə çıxıblar. Armen Aşotyan əsirlikdən etirazçılara dəstək sözləri göndərir. Bütün bu təxribatın pərdəarxası rolu özünü prosesdə iştirakdan sözlə təcrid etməyə çalışan Robert Köçəryandır. Bircə qalır Serj Sarkisyanın beysbol papağı, köynək və əlində səsucaldanla “Rədd ol Nikol!” dediyini görmək.

Ancaq “rus ətrini” aktiv şəkildə ətrafına saçdıran Sarkisyanın bu təfərrüatı olmasa da, arxiyepiskop Baqrat Qalstanyan özünün açıq məqsədinə - taxt-tacın başçısı olmağa can atması tamamilə gülünc görünür. O, çoxdan bütün ermənilərin yeni katolikosu, Erməni Apostol Kilsəsinin başçısı olmaq arzusunda idi. Robert Köçəryan isə hakimiyyətə gələcəyi təqdirdə bu işdə ona kömək edəcəyinə söz verib. Deməli, II Qaregin bu şəraitdə nədənsə daha fəal hərəkət etməlidir.

Məsələ bu da deyil. Qanuni yolla seçilmiş hakimiyyəti aradan qaldırmağa xalqı təhrik etməyə hazır olanlar ermənilərə nə təklif edir? Doğrudanmı Kreml ermənilərin belə qısa yaddaşa sahib olduğunu düşünür? Bəli, Rusiya ermənilər üçün arzuedilməz ölkəyə çevrilib. İndi Kremlin gündəmini təbliğ edənlər isə Nikol Paşinyana qarşı deyil, Ermənistanın gələcəyinə qarşıdırlar. Ermənistan təkbaşına yox, geniş koalisiyada hərəkət etməyi düşünür. Ermənistan cəmiyyəti beynəlxalq arenada ona dəstək verməyə hazır olan oyunçular axtarır.

Bu, Aİ, ABŞ, İran, yoxsa Rusiyadır? Hələlik bu sualda fərqli cavablar eşidilir. Deputat Qaqik Melkonyan əmin edir ki, etirazçılar Rusiya agentləridir. Əgər belədirsə, onlara inanmamalısınız. Rusiya Paşinyanı təslim etmədi, Rusiya Ermənistanı təslim etdi. “Rusiya Qarabağdan imtina etdi, indi Zəngəzuru, bütün Ermənistanı istəyir. Bizim müttəfiqimiz yox idi, düşmənimizin maraqlarını müdafiə edən “müttəfiqimiz” var idi. 2020-ci ildən isə vektorunu Azərbaycana dəyişib. İndi deyirlər ki, Ermənistan öz vektorunu dəyişir, Rusiya isə artıq vektorunu dəyişib”, – deyə həmin deputat deyib.

Bir tərəfdən, hakimiyyət fors-major halları müzakirə edir: müxalifət istefa versə, yeni seçkilər olacaq, yoxsa sessiyalar 70 deputatla davam edəcək, ölkəni azlığa çevrilmiş hökumət idarə edəcək? Bu barədə “Hraparak” qəzeti yazır. “Digər tərəfdən, istintaq orqanları - korrupsiyaya qarşı mübarizə və istintaq komitələri Paşinyanın göstərişi ilə ciddi işləyir, müxalifətə qarşı cinayət işləri başlatmağa çalışır və prioritet hədəf Ermənistan Apostolluğunun Tavuş Yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyandır. Onlar arxiyepiskopla bağlı hansısa prosesə başlayıblar, yoxsa yox? Hakimiyyətdə hələ də düşünmək qabiliyyəti olan, bunun detonator rolunu oynaya və tərəddüd edən kütlələri küçələrə çıxara biləcəyini başa düşən insanlar var”, nəşr qeyd edir.

Bəli, etirazçıların önündə din xadimləri, kilsə primatları gedir və ermənilər onların arxasınca səhvlərini düzəltmək üçün addımlayırlar. Amma düşüncələrində yanlışlıq var, çünki onlara aid olmayanı geri necə qaytaracaqlarını hələ də müəyyənləşdirə bilmirlər. Çaş-baş qalıblar, buna görə də kilsə primatının rəhbərlik etdiyi primatlar (meymunabənzərlər) dəstəsi hakimiyyətə gəlmək üçün yollar axtarır.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə