"Azərbaycan beynəlxalq əməkdaşlığa çox böyük önəm verir" - ŞƏRH EDİLDİ

"Azərbaycan beynəlxalq əməkdaşlığa çox böyük önəm verir". Bu sözləri SİA-ya açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) baş direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib.

O bildirib ki, Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri də, beynəlxalq əməkdaşlıq, xarici ölkələrlə dost və qardaş ölkələrlə strateji münasibətlər qurmaq, əməkdaşlıq etməkdir: "Buraya həm siyasi, həm də iqtisadi əməkdaşlıqlar daxildir. Bu baxımdan Bolqarıstan Prezidentinin Azərbaycana səfəri də bu istiqamətdə çox böyük irəliləyişlərdən biridir.

Məlum olduğu kimi Bolqarıstanla Azərbaycan arasında daim inkişaf edən müsbət əməkdaşlıq tendensiyaları olub. Bu dəfəki səfərin də əsas məqsədi əməkdaşlığın daha da dərinləşdirilməsi, qarşılıqlı tərəfdaşlığın yüksələn xətlə inkişafına dəstək və kömək etməkdir. Bu baxımdan Bolqarıstan Prezidentinin Azərbaycana səfəri də gələcək üçün böyük önəm təşkil edir. Təbii ki, səfər çərçivəsində keçirilən görüşlər həm prezidentlər səviyyəsində, həm də nümayəndə heyətlərinin görüşləri, imzalanan sənədlər, əldə edilən razılaşmalar xüsusilə də, iqtisadi əməkdaşlıq deməyə əsas verir ki, əməkdaşlığımız bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəkdir. Qarşılıqlı idxal, ixrac əməliyyatları, sərmayələrin qoyuluşu və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və inkişaf etdirilməsi əsas vəzifələrdən biri kimi qoyuldu. Prezidentlərin bəyanatları zamanı da biz bunun şahidi olduq. Ümumiyyətlə, Bolqarıstanın Azərbaycanla enerji sahəsində də bir çox əməkdaşlıq perspektivləri var. Bu istiqamətdə də gələcəkdə hansısa addımların atılacağının şahidi olacağıq".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə