"Mehman Hüseynov məsələsi bir bəhanədir" ÖZƏL-MÜNASİBƏT

“Mehman Hüseynovla bağlı anti-milli şəbəkə və onun xaricdəki havadarları unudurlar və dəfələrlə sübut olunub ki, Azərbaycan dövləti ilə təzyiq vasitəsilə danışmaq, qarayaxma kampaniyası vasitəsilə onu gözəştə məcbur etmək mümkün deyil. Əslində onlar bunu bizdən yaxşı bilirlər”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçinin sözlərinə görə, onlar anlayırlar ki, Azərbaycan dövləti, hakimiyyəti ilə zor, təzyiq dili ilə danışmaq olmaz: “Yəni danışmaq mümkün deyil. Çünki Azərbaycan özünə hörmət edən bir dövlətdir. Azərbaycan Prezidenti məhz Azərbaycan xalqının iradəsi ilə hesablaşır. Xaricdən heç bir iradə, qüvvə Azərbaycan Prezidentinin, xalqının və dövlətinin maraq və mənafeylərinə zidd addımlar atmağa məcbur edə bilməz. Bu tarixən dəfələrlə sübut olunub. Ölkə başçısı bunu dəfələrlə özü də sərt şəkildə sübut edib və göstərib. Təbiidir ki, o qüvvələr də bunu bilirlər. Sadəcə niyə bu cür addımlarını davam etdirirlər?

Məsələ ondadır ki, Mehman Hüseynov məsələsi bu adamlar üçün bir bəhanədir. Bəhanədir ki, Azərbaycana qarşı kampaniya aparsınlar, Azərbaycanda insan hüquqlarının pozuntusu görüntüsünü yaratsınlar və dünyaya göstərsinlər ki, Azərbaycan belə bir ölkədir və o ölkəyə bu və ya digər şəkildə yardım etmək lazımdır. Yəni insan hüquqları ilə bağlı və s. Təbii ki, o yardımı da xaricdə oturub Azərbaycanı söyməklə məşğul olan qüvvələr, şəxslər, mərkəzlər edə bilər. O adamlar bunun hesabına özlərinə əlavə gəlir mənbəyi (əlavə qrantlar almaq) əldə etmək istəyirlər. Guya ölkədə dözülməz vəziyyət var. Onların məqsədi əslində o bloggerin azadlığa çıxması deyil. Ümumiyyətlə onlar həmin bloggerin taleyi ilə maraqlanmırlar. Sadəcə olaraq adam həbsdə olduğuna görə ondan özlərinin çirkin məqsədləri üçün istifadə etməyə çalışırlar. Beləcə qrant alsınlar və maliyyə imkanlarını genişləndirsinlər. Bunun səbəbi yalnız budur”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə