Azərbaycan və Belarus etibarlı və strateji tərəfdaş ölkələrdir TƏHLİL

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Belarus Respublikasına səfər etdi. Səfər çərçivəsində prezidentlərin təkbətək və geniş tərkibdə görüşləri keçirildi, müxtəlif sahələrdə əməkdaşlığa dair müqavilələr imzalandı və mətbuatda bəyanatla çıxış edildi.

Çıxışı zamanı Prezident İlham Əliyev bildirdi ki, siyasi münasibətlərin yüksək səviyyəsi, ölkələrimiz arasında qarşılıqlı hörmət, etimad, prezidentlər arasında şəxsi dostluq - bütün bunlar üzərində Belarus-Azərbaycan dostluğunun möhtəşəm binasının tikildiyi təməldir: "Bu gün bizim münasibətlərimizin səviyyəsi, məhz elədir ki, istənilən məsələləri açıq müzakirə etməyə imkan verir. Aleksandr Qriqoryeviçin qeyd etdiyi kimi, bizdə heç bir qapalı mövzu və əməkdaşlığımızın heç bir sahəsində qətiyyən məhdudiyyət yoxdur. Biz bu gün gələcəkdə münasibətlərimizin xarakterini müəyyənləşdirəcək xeyli sənəd imzaladıq. Mən onların arasında, ilk növbədə, əlbəttə, prezidentlərin Birgə Bəyanatını qeyd edərdim. Bu, əməkdaşlığımızın əsas istiqamətlərini ehtiva edən, ölkələrimizin siyasi iradəsini ifadə edən mühüm siyasi sənəddir".

Belarusun dövlət başçısı Aleksandr Lukaşenko da bəyanatla çıxış edərək bildirdi ki, Belarus Azərbaycan investisiyalarına və yüksək səviyyəli məhsullarına maraq göstərir: "Belarus və Azərbaycan həmişə etibarlı və strateji tərəfdaş olaraq qalacaqlar. Əminəm ki, ənənəvi səmərəli əməkdaşlıq, qarşılıqlı dəstək bundan sonra da Belarus-Azərbaycan münasibətlərini fərqləndirən cəhət olacaq".

Göründüyü kimi, Azərbaycan və Belarus arasında dostluq və qardaşlıq münasibətləri var. Məlumat üçün bildirək ki, iki ölkə arasında diplomatik əlaqələrin yaradılması haqqında protokol 11 iyun 1993-cü ildə imzalanıb. 2006-cı ilin fevral ayında isə Belarusun Azərbaycanda, həmin ilin avqust ayında isə Azərbaycanın Belarusda səfirlikləri açılıb.

Bu il uğurlu diplomatik münasibətlərinin 25 ili tamam olan Azərbaycan-Belarus əlaqələri artıq yeni inkişaf mərhələsindədir. Son illərdə fəal qarşılıqlı əlaqələr iki ölkəni bir-birinə o dərəcədə yaxınlaşdırıb ki, artıq, nəinki regionda, həm də dünyada Belarus və Azərbaycanı çox yaxın dost ölkələr hesab edirlər. Əlbəttə ki, münasibətlərin bu səviyyəyə yüksəlməsinin başlıca amili iki ölkənin lideri - İlham Əliyevlə Aleksandr Lukaşenko arasında mövcud olan dostluq əlaqələri, səmimiyyət və qarşılıqlı hörmətdir. Bu səmimi dostluq əlaqələri ikitərəfli münasibətlərin siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə dinamik inkişafına təkan verir. Məhz bu əlaqələrin nəticəsidir ki, 2006-2018-ci illərdə Prezident İlham Əliyev 5 dəfə Belarusa, Aleksandr Lukaşenko isə 4 dəfə Azərbaycana rəsmi səfər edib. Bu qarşılıqlı səfərlər zamanı iki ölkə arasında 110 mühüm tərəfdaşlıq sənədləri imzalanıb. Dünənki səfər zamanı isə bu sazişlər sırasına daha 8 mühüm sənəd əlavə olunub.

Həmçinin, iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş birgə poçt markasının buraxılışı mərasimi də keçirildi. Hər iki ölkənin lideri markaları xüsusi ştamplarla möhürlədilər. Mətbuata birgə bəyanatlarla çıxış edən dövlət başçıları mövcud siyasi-iqtisadi əlaqələrin bundan sonra daha da şaxələndirilməsi istiqamətində mühüm addımların atılacağını söylədilər. İki ölkə arasında iqtisadi-ticari əlaqələrə nəzər yetirdikdə, görərik ki, Belarus Azərbaycanın mühüm ticarət tərəfdaşlarındandır. Birgə səylərlə əməkdaşlığın möhkəm iqtisadi bünövrəsi qoyulub, sənaye sahəsində bir sıra layihələr həyata keçirilməyə başlanılıb.

Elə bunun səbəbidir ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan məhsullarının ixracının dəstəklənməsi, ixracın həcminin və coğrafiyasının genişləndirilməsi, "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə xarici ölkələrdə yaradılan ticarət evlərimizin ilki Belarusda açılıb. Yəni Azərbaycanın xaricdə ilk ticarət evi 2017-ci ildə Belarusda fəaliyyətə başlayıb.

Onu da bildirək ki, səfər zamanı Prezident İlham Əliyev Azərbaycan Ticarət Evi ilə də tanış olaraq, onun fəaliyyətinə uğurlar arzuladı. Təbii ki, ticarət evinin açılması iqtisadi əlaqələrin, investisiya əməkdaşlığının genişləndirilməsinə, ticarətin şaxələndirilməsinə töhfə verir, iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsində mühüm rol oynayır, Azərbaycan məhsullarının heç bir vasitəçi olmadan Belarusa birbaşa ixracı üçün gözəl imkan yaradır.

Ümumiyyətlə, 2018-ci ilin son 10 ayı ərzində iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 dəfə artıb və 331,5 milyon dollara bərabər olub. Respublikamızda 70-ə yaxın Belarus, bu ölkədə isə 59 Azərbaycan kapitallı şirkətlər fəaliyyətdədirlər. Bununla yanaşı, hər iki dövlət müxtəlif sahələrdə qarşılıqlı fəaliyyət göstərir, mühüm beynəlxalq problemlərdə həmrəy olur, beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyir.

Azərbaycan-Belarus münasibətlərində qarşılıqlı siyasi etimadın formalaşmasının səbəblərindən biri də rəsmi Minskin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu prinsipial mövqedir. Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistanın müttəfiqi sayılsa da, ərazi bütövlüyü məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir və bunu prezident Aleksandr Lukaşenko daim bəyan edir. Elə səfərdə prezidentlər arasında keçirilən təkbətək görüşdə də Prezident İlham Əliyev bunu bir daha xatırladaraq dedi ki, bu gün Azərbaycanda Belarus haqqında danışanda, ikitərəfli münasibətlərlə bağlı müəyyən hadisələri yada salanda, cəmiyyətdə həmişə çox müsbət hisslər yaranır.

Bir sözlə, hər iki ölkənin liderlərin apardığı müzakirələr, qəbul edilən mühüm qərarlar, bir daha onu deməyə əsas verir ki, Azərbaycan və Belarus etibarlı və strateji tərəfdaş ölkələrdir.

"Səs" Analitik Qrupu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...