Tarixi nailiyyət, diplomatik qələbə ŞƏRH

İlham Əliyev: "Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmizin əldə etdiyi ən böyük uğurlardan biridir"

24 oktyabr 2011-ci il - Azərbaycanın beynəlxalq diplomatik uğurları sırasına daxil olan növbəti əlamətdar hadisə. Oktyabrın 24-də BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən, respublikamız 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Təhlükəsizlik Şurasında təmsil edəcək yeni üzv seçildi. Azərbaycanın BMT TŞ-nin üzvü seçilməsi həm ölkəmizdə, həm də xarici dövlətlərdə, çox haqlı olaraq, respublikamızın beynəlxalq müstəvidə qazandığı son dərəcə böyük siyasi və diplomatik qələbə kimi qəbul edilir. Bu uğur həm də Azərbaycanın öz milli maraqlarının beynəlxalq səviyyədə müdafiəsi üçün daha geniş imkanlar yaradır.

Prezident İlham Əliyevin bununla əlaqədar verdiyi bəyanatda çox aydın şəkildə ifadə edilib ki, bu, bizim üçün tarixi əhəmiyyət kəsb edən bir hadisədir. BMT Baş Assambleyasında keçirilən səsvermədə quruma 193 üzv dövlətdən 155-i Azərbaycanın TŞ-yə üzv olmasına səs verdi. Bu göstəricidən sonra Şərqi Avropa qrupu üzrə Azərbaycanın əsas rəqibi olan Sloveniya öz namizədliyini geri götürüb. Səsvermə keçirildikdən sonra iclasın sədri Azərbaycanın Təhlükəsizlik Şurasına qeyri-daimi üzvün seçildiyi bildirilib.

Beləliklə də, Azərbaycan 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.

Göründüyü kimi, 20 illik müstəqillik dövrünü yaşayan gənc dövlətin beynəlxalq miqyasda, dünyanın ən aparıcı beynəlxalq təşkilatında bu qədər səs toplaması, doğrudan da, mühüm bir məsələdir. Sözsüz ki, ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi Prezident İlham Əliyevin qətiyyətli və uğurlu xarici siyasətinin məntiqi nəticəsidir.

BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması, Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla, ölkənin son illər dünya miqyasında artan siyasi nüfuzunun bariz sübutu olaraq qəbul edilməlidir. Bu uğurun müstəqilliyin bərpasının 20-ci ildönümündə əldə edilməsi təsadüfi deyildir. Belə ki, Azərbaycan, ötən 20 il ərzində stabil inkişaf edən, yüksək iqtisadi göstəricilərə nail olan və beynəlxalq siyasətdəki əməlləri ilə dünya ictimaiyyətinin rəğbətini qazanan dövlət olaraq beynəlxalq səviyyədə ən mötəbər qurumun üzvlüyünə seçilibdir.

Azərbaycan Prezidenti İlham Əliyev 20 il ərzində belə böyük uğurun əldə edilməsini tarixi nailiyyət kimi qiymətləndirərək demişdir: "Biz 20 il ərzində müstəqil ölkə kimi özümüzü dünyada təsdiq edə bilmişik. Biz sübut edə bilmişik ki, Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan dost ölkədir və dostların sayının artması bizim siyasətimizin təntənəsidir. Bu səsvermə müstəqilliyimizin 20 illiyinə təsadüf edir. Bu, çox rəmzi məna daşıyan bir hadisədir. Bu, göstərir ki, 20 il ərzində Azərbaycan müstəqil dövlət, dünyada böyük şöhrətə malik olan ölkə kimi özünü göstərib. Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir və siyasətimizin təntənəsidir".

Onu da vurğulamaq lazımdır ki, Azərbaycan dünyanın aparıcı dövlətləri ilə, xüsusən də, ABŞ-la strateji tərəfdaşdır. Ölkələrimiz arasında münasibətlər daim yüksələn xətt üzrə inkişaf etdirilir. Prezident İlham Əliyevin son illər ərzində BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü olan ölkələrə səfərlər etməsi də Azərbaycanın dünya arenasındakı yüksək mövqelərindən xəbər verir. Azərbaycan həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində çox uğurlu xarici siyasət yürüdür. Bu uğurlar isə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin nəticəsidir. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzv seçilməyimiz Azərbaycanın gündən-günə artan nüfuzunun göstəricisidir.

Təhlükəsizlik Şurasında üzvlüyü dövründə Azərbaycan dövlətimizin milli maraqlarının qlobal səviyyədə irəli aparılması istiqamətində fəal səylər göstərib. Ölkəmizin üzləşdiyi ən böyük problem olan Ermənistanın Azərbaycana qarşı təcavüzünün müxtəlif aspektləri Şuranın müvafiq iclaslarında, mütəmadi olaraq, diqqətə çatdırılıb. Bundan əlavə, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət, həmçinin, münaqişələr zamanı müharibə və insanlığa qarşı cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsinin vacibliyi, ardıcıl olaraq, qaldırılırdı və müvafiq müddəalar Şuranın qəbul etdiyi sənədlərdə əks etdirilib. Afrika dövlətləri ilə ikitərəfli münasibətlərin inkişafına böyük önəm verən Azərbaycan qitənin üzləşdiyi müxtəlif problemlərin həllinə Təhlükəsizlik Şurasında üzvlüyü dövründə də fəal töhfə verməyə çalışıb.

Çünki Azərbaycan Cənubi Qafqazda sülhə, təhlükəsizliyə, tolerantlığa, iqtisadi inkişafa, millətlərarası və sivilizasiyalararası münasibətlərə, dialoqa əməli töhfələr verən ölkədir. Respublikamız müxtəlif sivilizasiyaların, Şərqlə Qərbin qovşağında yerləşir. Ölkəmiz Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən unikal geostrateji məkandır. Ölkəmizin BMT sənədlərində nəzərdə tutulan məsələlərə verdiyi böyük töhfələr, həmçinin, Prezident Administrasiyası, Heydər Əliyev Fondu, Xarici İşlər Nazirliyi, Yeni Azərbaycan Partiyası xətti ilə respublikamızda keçirilən çoxsaylı beynəlxalq siyasi, iqtisadi, mədəni və humanitar tədbirlər, idman yarışları Azərbaycanın dünyada sülhə, əmin-amanlığa, sivilizasiyalararası dialoqa, dövlətlərarası münasibətlərə, tolerantlığa, millətlərarası əlaqələrə çox böyük töhfələr verdiyini göstərən amillərdir. Azərbaycan multikulturalizmə və tolerantlığa çox böyük diqqət yetirən ölkədir. Digər tərəfdən, Azərbaycan artıq dünya iqtisadi inkişafına, o cümlədən, beynəlxalq proseslərə təsir göstərən dövlətə çevrilib. Məhz bu göstəricilərin hər biri Azərbaycanın nüfuzunu artıran çox ciddi və mühüm meyarlardır. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin dünya siyasətçiləri və liderləri arasında şəxsi nüfuzu, dövlət başçısı kimi ölkələrarası münasibətlərə verdiyi töhfə, təbii ki, respublikamızın beynəlxalq nüfuzunun artmasında öz rolunu oynamaqdadır. Bununla da, Azərbaycan BMT TŞ-nin üzvlüyünə namizədliyini irəli sürdükdə, nəticə etibarilə uğura imza ata bildi.

Bütün bunlarla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi altında, Azərbaycanda qısa dövr ərzində, mühüm iqtisadi və sosial layihələrin həyata keçirilməsi, əhalinin rifah halının yüksəldilməsi, yoxsulluğun və işsizliyin aradan qaldırılması sahəsində inqilabi nəticələr əldə edilibdir. Həmçinin, Azərbaycan həm də beynəlxalq səviyyədə etibarlı tərəfdaşdır, dünya dövlətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələr quraraq, bunu dövlətlərarası sivil münasibətlər müstəvisində daim inkişaf etdirir. Ərazisinin Ermənistan tərəfindən işğal olunmasına baxmayaraq, Azərbaycan daim sülh tərəfdarı kimi çıxış etmiş və böyük iqtisadi və hərbi potensialına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqliyini nümayiş etdirir. Azərbaycan həm də regional təhlükəsizliyə mühüm töhfə verir, bölgənin və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ciddi faktora çevrilibdir. Bütün bunlar, ölkəmizin TŞ-yə seçilməsini şərtləndirən əsas faktorlardandır.

Beləliklə, BMT TŞ-yə üzv seçilmək Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və uğurlu diplomatiya siyasətinin məntiqi nəticəsi olmaqla yanaşı, həm də Azərbaycan xalqının öz dövlətinə və rəhbərinə sədaqətinin məntiqi nəticəsidir.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə