Riçard Mills: "Münaqişənin həllli işğal olunmuş ərazilərin geri qaytarılmasından keçir"

Ermənistandakı missiyanı tamamlayan ABŞ səfiri Riçard Mills vəzifə müddətində ölkədəki inkişaf və müvəffəqiyyətlərlə bağlı təəssüratlarını paylaşıb. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir 2016-cı ilin aprel döyüşlərini xatırlayaraq bu döyüşlərin Ermənistan əhalisinə təsirinin başa düşülən olduğunu deyib.

“Qəddar gerçəkliyə görə, istənilən həll işğal olunmuş ərazilərin geri qaytarılmasını tələb edəcək”,- deyə səfir dilə gətirib.

Status-kvonun Ermənistanın xeyrinə olmadığını deyən diplomat söyləyib ki, bu ölkədə maddi və insan resursları üçün ən böyük maneə sərhədlərin bağlı olmasıdır.

Mills qeyd edib ki, işğal olunmuş torpaqların geri qaytarılması Madrid prinsiplərinin əsasını təşkil edir. Onun sözlərinə görə, ABŞ hökuməti də məsələnin həllində "sülh üçün torpaq" kontekstini nəzərdən keçirir.

Səfir münaqişənin danışıqlar yolu ilə həlli üçün real imkanların olduğu vaxtda bu variantın dəstəklənməməsindən təəccübünü bildirib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə