Radikal düşərgədəki qarşıdurmalara ilkin reaksiyalar

AMİP: “Biri-digərini təhqir etməklə, aşağılamaqla sanki zövq alır, özünə təsəlli sayır”

Müxalifətdaxili qardşıdurmaların artması bu düşərgədə təmsil olunan digər partiya təmsilçiləri tərəfindən kəskin şəkildə qınanılmaqdadır. SİA xəbər verir ki, məhz İqbal Ağazadə-Arif Hacılı, eləcə də “Milli Şura”-Qurban Məmmədov, həmçinin buna bənzər digər çoxsaylı qarşıdurmalar barədə fikrini bildirən AMİP-in katibi Əli Orucova görə, ənənəvi müxalifət köhnəlmiş psixologiyadan qurtula bilmir. O, eyni zamanda qeyd edib ki, debat və müzakirələrin aparılması normal halldır, lakin bunları da sivil qaydada etmək lazımdır. “Biri-digərini təhqir etməklə, aşağılamaqla sanki zövq alır, özünə təsəlli sayır”, deyən milli istiqlalçı funksionerə görə, düşərgədə siyasi və partiyalaşma sahəsində də bir inhisarçılıq mövcuddur. O cümlədən, birinin digərinə ittihamı səslənirsə, həmin ittihama cavab tapılmırsa, qarşı tərəf satqın adlandırılır: “Köhnəlmiş ənənələrdən və psixologiyadan qurtarmayıblar. Kim onun kimi düşünmürsə, onun istədiyi kimi deyilsə, dərhal satqın damğası vurulur”.

“Müxalifət onsuz da cəmiyyətdə və ölkədə gedən proseslərdə iştirak imkanlarını demək olar ki, itirib”

AMİP-in katibinin sözlərinə görə, müxalifət düşərgəsi özü-özünün yollarını bağlayır. Belə ki, əks halda, partiyaların da belə dedi-qodulara, təhqirlərə yol vermədən sağlam siyasi rəqabətə üstünlük verə biləcəyini də deyən Ə.Orucov hesab edir ki, bəzi siyasi qüvvələr sağlam siyasi rəqabətə hazır deyillər: “Ona görə də alternativ proqram və ideya, eləcə də vacib problemlərin həlli müzakirəsi deyil, əksərən boş, mənasız hallar üzərində uzun-uzadı söz dueli açılır. Bunlardan maksimum dərəcədə qaçmaq lazımdır. Müxalifət onsuz da cəmiyyətdə və ölkədə gedən proseslərdə iştirak imkanlarını demək olar ki, itirib. Bu barədə düşünmək lazımdır”.

Ağ partiya: “Bu savaşlar siyasi məhvə doğru aparır”

Keçmiş müsavatçı, hazırda Ağ partiyanın sədri olaraq, düşərgədə fəaliyyət göstərən Tural Abbaslı da AMİP-dəki həmkarı ilə eyni mövqeyi bölüşməklə yanaşı, eyni zamanda düşünür ki, müxalifətdaxili bu ziddiyyətlərin əsl səbəbi partiya rəhbərlərinin keçmişdən bir-birilərinə qarşı olan neqativ münasibətlərinin davamıdır. “Bu partiyalar öz aralarındakı savaşları ilə xalq arasındakı nüfuza bərpaolunmaz zərbələr endirir və siyasi məhvə doğru aparır”, deyən Abbaslıya görə, bəlli qarşıdurmaların səngiməsi inandırıcı görünmür: “İnanmıram ki, bu insanların bir-birilərinin şəxslərinə və nə vaxtsa keçmişdə olmuş narazılıqları aradan qalxana qədər bu qarşıdurmalar səngisin”.

“Bəlkə bu yolla artıq illərdir mübarizənin önündə tıxac rolu oynayan bəzi siyasilər səhnədən çəkilər”

Müxalifətçi partiya sədri köhnə müxalifətçilərin yenilənmək marağında olan tərəflərə qarşı baryer olduqlarını da istisna etməyib və bildirib ki, əslində, ziddiyyət, qarşıdurma yaşayan ənənəvi müxalifət rəhbərləri bir-birlərini daha açıq formada ittiham etsələr, onda hər şey tam şəkildə aydınlaşar və cəmiyyət də kimin-kim olduğunu öyrənər. “Bəlkə bu yolla artıq illərdir mübarizənin önündə tıxac rolu oynayan bəzi siyasilər səhnədən çəkilər”, deyə ümid edən T.Abbaslı artıq bunun zamanının çatdığını da bildirib.

RÖVŞƏN

Bütün xəbərlər Facebook səhifəmizdə