YAP funksionerindən dağıdıcı müxalifətə SƏRT SÖZLƏR

Muxtar Nağıyev: “Fikirləşdikləri yalnız hansı xəyanət və satqınçılıq yolu ilə olursa-olsun hakimiyyəti ələ keçirməkdir”

"Bu cür dırnaqarası müxalifətə heç cür haqq qazandırmaq olmaz. Çünki ölkəsinin, dövlət və xalqının mənafeyini satanlara haqq qazandırmaq ən azından cinayətdir". Sözügedən fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatı sədrinin birinci müavini Muxtar Nağıyev son günlər ölkədəki sabitliyi pozmağa cəhd göstərən dağıdıcı müxalifətin xarici siyasi dairələrlə iş birliyi qurmasına, eləcə də öz aralarındakı çəkişmələrə münasibətini bildirərkən deyib.

Muxtar Nağıyevin fikrincə, onlar hər zaman öz "siyasətlərini" yanlışlıq üzərində, şər və böhtan üzərində qurmaqla ictimai rəyi aldatmağa çalışırlar: "Təsəvvürünüzə gətirin, bu adamları düşündürən müsbət mənada heç nə yoxdur. Fikirləşdikləri yalnız hansı xəyanət və satqınçılıq yolu ilə olursa-olsun hakimiyyəti ələ keçirməkdir. Bunun üçün isə onlar elə özlərinin də dedikləri kimi hətta şeytanla belə iş birliyinə gedəcəklərini dəfələrlə etiraf ediblər. İstər Əli Kərimli, istər İsa Qəmbər, istər Cəmil Həsənli, istər Arif Hacılı və sairələri – onların hər birinin dar və təhlükəli düşüncələrində oğul və qızlarımızın şəhidlikləri bahasına əldə etdiyi müstəqilliyimizi məhv etmək amalı dayanır. Buna isə nə biz, nə də öz ölkəsini qəlbən sevən istənilən vətəndaş yol verməz.

Bu gün Azərbaycan sabitlik adası olaraq dünyanın mərkəzinə çevrilib. Demək olar ki, hər bir sahəyə aid möhtəşəm beynəlxalq tədbirlər ölkəmizdə baş tutur. Əlbəttə ki, bizi gözü götürməyən qüvvələr var, özü də kifayət qədərdir. Belə qüvvələrə isə satqınlar lazımdır. Bu satqınlar isə AXCP, "Milli Şura", Müsavat, ReAl və s. təşkilatlar, onların sədrləridir".

"AXCP və Müsavat rəhbərliyi "ana müxalifət mənəm" prinsipi ilə özlərini zorla xalqa sırımağa çalışırlar"

YAP funksioneri bildirib ki, bu gün daha çox nəzərə çarpannalardan biri Əli Kərimlidir: "Bu ünsür açıq şəkildə dövlətçiliyə qarşı təhdidlərlə danışır. Çünki bilir ki, böyük günahları və cinayətkar əməlləri var. Hələ AXC hakimiyyəti zamanı və sonrakı illərdə o öz lideri Əbülfəz Elçibəyə qarşı məlum xəyanəti eləmişdi. Bunu hər kəs yaxşı xatırlayır. Görünür, Kərimli hər şeyi mərhələli şəkildə planlayıb. Əvvəlcə Elçibəyi fiziki şəkildə kənarlaşdırdıqdan sonra, onun məqsədi AXCP sədri kimi hakimiyyəti növbəti dəfə ələ keçirməkdən ibarət olub. Lakin o bir daha buna müyəssər olmayacaq. Yaxşısı budur, AXCP sədri gec, ya da tez xalqın qarşısında mühakimə edəcəyi vaxtı barədə və verəcəyi cavabları barədə düşünsün".

Muxtar Nağıyev radikal düşərgədə cərəyan edən çarpışmalar və didişmələr barədə də fikirlərini bölüşüb: "Baxın, faktlar ortadadır. Bu gün ayrı-ayrılıqda aksiyalar keçirərək, Qərb siyasi qurumları qarşısında siyasi divident qazanmağa çalışan AXCP və Müsavat rəhbərliyi "ana müxalifət mənəm" prinsipi ilə özlərini zorla xalqa sırımağa çalışırlar. Ancaq nə qədər çalışsalar da, xalq onları qəbul etmir. Necə deyərlər, bu ünsürlər xalqa yapışmırlar. Xalq onların kim olduqlarını yaxşı bildiyi üçün onların planları, mənfur düşüncələri reallaşmır. Bütün bunlardan isə belə nəticəyə gəlmək olar ki, indi də Referendum aktı layihəsi ilə bağlı yeni mövzu ətrafında özlərini və bir-birlərini didən radikallar seçkilərdən sonra növbəti dəfə rüsvayçı şəkildə yerlərinə otuzdurulacaqlar. Lakin bununla yanaşı, Qərb siyasi dairələrinin onlara xərclədikləri pulların hesabatları var. Görəsən bu dəfə çullarını sudan necə quru çıxaracaqlar? Bütün hallarda hər şeyi zaman göstərəcək və ictimai rəy bunların daha biabırçı vəziyyətdə - düşdükləri bataqlıqdakı çabalamalarını görəcək".

Rəfiqə Hüseynova

Bütün xəbərlər Facebook səhifəmizdə