Ramiq Muxtar,

Prezident təqaüdçüsü, "Şərəf" ordenli,

R.Rza adına Beynəlxalq Mükafat laureatı,

Düz qırx ildir bir ümüdlə yaşayıram: yaltaq olum,

Peşəkarlar aman vermir, mən həvəskar ortaq olum.

Od püskürən asfaltlarda dizin-dizin sürünürəm,

Mələk, iblis donu geyib al qumaşa bürünürəm.

İlan dili çıxarmaqdan acılaşıb dilim-ağzım,

Sözümə də daha baxmır səs tellərim, kal boğazım.

Döymədiyim qapı qalmır, getmədiyim ocaq başı,

Sanki bir əl yuxarıdan qəsdə durub mənə qarşı.

Hansı qulpdan yapışıram, əlim qalır sonda boşda,

Gecikmisən, Ramiq Muxtar, bizə lazım olan yaşda,

Bu səs mənə tanış gəldi, döndüm geri,

Gördüm bic-bic gülümsəyir xalq sevməyən xalq şairi.

Bu yol beşikdən başlanır, çağa dövrün keçməmisən.

Bizim kimi "Malış", "Smes", paraşok süd içməmisən,

Ana südü içənlərdən tam peşəkar yaltaq olmaz,

Olsa da, o yaltaqların bu həyatda izi qalmaz.

Vallah, qardaş, cərgəmizdə yox bir dənə boş yerimiz.

Ya da gözlə, növbəyə dur, rəhmətə gedək birimiz.

Bütün xəbərlər Facebook səhifəmizdə