Məhəbbət Vəliyeva: "Bu il I sinfə 46 mindən çox uşaq qəbulu proqnozlaşdırılır"

"20 saylı məktəb-liseydə artıq təmir-tikinti işləri yekunlaşıb. Məktəbdə sentyabrın 15-i Bilik gününə hazırlıq işləri gedir. Yeni tədris ilində 20 nömrəli məktəb artıq öz fəaliyyətinə başlayacaq". SİA-nın xəbərinə görə, bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

Məktəblərdə şagird sıxlığı məsələsinə aydınlıq gətirən idarə müdiri söyləyib ki, Azərbaycanda 3 il ərzində I sinfə qəbul prosesinin elektron sistem vasitəsilə həyata keçirilməsi bir çox məsələlərin həllində mühüm əhəmiyyət kəsb edir ki, burada şagird sıxlığı ilə bağlı məsələ də öz əksini tapır: "Bəzi hallarda süni şəkildə yaradılan şagird sıxlığı, eyni zamanda kadr potensialının düzgün və vaxtında müəyyənləşdirilməsi, orta məktəblərə yerləşdirilməsi kimi vacib məsələdə elektron sistem mühüm əhəmiyyətə malikdir.

Qeyd edim ki, Bakı məktəblərinin yalnız 15%-də şagird sıxlığı müşahidə edilir. O məktəblərdə də uşaqların qəbulu mikro-ərazi prinsipi əsasında aparılır. Bundan əlavə, uşağın bacı-qardaşı həmin məktəbdə oxuyursa, o zaman valideynlərə problem yaratmamaq üçün həmin uşaqlar da bu məktəblərə yerləşdirilir". M.Vəliyeva vurğulayıb ki, Bakının 85% məktəbində heç bir sıxlıq müşahidə olunmur və valideynlər uşaqlarını istədikləri məktəbə yerləşdiriblər: "I sinfə qəbulda 45 mindən artıq uşaq artıq məktəblərə sənədlərini təqdim edib. Biz 46 mindən çox uşağın yeni tədris ilində I sinfə qəbulunu proqnozlaşdırmışıq".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə