Mayın 15-də 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Təsviri Sənət Qalereyasında “Əsrarəngiz Misir nağılları” kitabının təqdimatı və nəşrə çəkilən rəsm əsərlərinin sərgisi keçirilib.
Kitab Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi, F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin birgə layihəsi əsasında çapdan çıxıb. SİA-nın məlumatına görə, tədbirdə kitabxananın direktoru, Əməkdar Mədəniyyət İşçisi Şəhla Qəmbərova sərgi haqqında məlumat verib. Bildirib ki, layihənin məqsədi uşaqları gələcəyimiz naminə düzgün maarifləndirməkdir. Eyni zamanda, məqsədimiz uşaqları antik sivilizasiyaların beşiklərindən hesab edilən qədim Misir mədəniyyəti ilə tanış etmək, bu ecazkar ölkənin nağıllarını oxuyan və bu nağıllara illüstrasiyalar çəkən azyaşlı oxuculara dəyər vermək və qiymətləndirməkdir.
Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid və Misirin ölkəmizdəki səfiri Adel İbrahim Ahmed çıxışlarında bildiriblər ki, kitab Misirin qədim mədəniyyəti, adət-ənənələri, tarixi və insanları haqqında maraqlı, zəngin təəssürat yaradır.
Qeyd edilib ki, kitaba 30 Misir nağılı daxil edilib. Layihənin maraq doğuracaq cəhətlərindən biri də Misir nağıllarının Azərbaycan dilində verilməsi, həmçinin nağıllara çəkilən rəsmlərin uşaqlara məxsus olmasıdır.
Nağılları ərəb dilindən Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin əməkdaşı Fərid Camalov tərcümə edib. Kitabın redaktoru Salam Sarvandır. Layihənin rəhbəri və tərtibçiləri Əməkdar mədəniyyət işçiləri Şəhla Qəmbərova və Zahirə Dadaşovadır.
Bütün xəbərlər Facebook səhifəmizdə