“Beynəlxalq dəstək Azərbaycanın güclənən diplomatik mövqeyini göstərir” - ŞƏRH EDİLDİ

"İranın Azərbaycana qarşı həyata keçirdiyi hücumdan sonra bir sıra dövlət başçılarının Azərbaycan Prezidentinə zəng edərək həmrəylik və dəstək ifadə etməsi regionda və beynəlxalq siyasətdə Azərbaycanın artan nüfuzunun mühüm göstəricisi kimi qiymətləndirilə bilər. Türkiyə, Pakistan, Gürcüstan, Özbəkistan, Latviya və Birləşmiş Ərəb Əmirlikləri kimi müxtəlif regionları təmsil edən dövlətlərin liderlərinin eyni mövqedən çıxış etməsi Azərbaycanın haqlı mövqeyinin geniş şəkildə dəstəkləndiyini göstərir".

Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bu telefon zəngləri yalnız diplomatik etiket və ya formal münasibət deyil: "Əslində, bu addımlar Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə verilən siyasi dəstək kimi qiymətləndirilməlidir. İranın pilotsuz uçuş aparatları ilə Azərbaycan ərazisinə hücum etməsi bir çox ölkələr tərəfindən regionda sabitliyi pozan addım kimi qəbul olunur və buna görə də həmin dövlətlər açıq şəkildə Azərbaycanın yanında olduqlarını bəyan edirlər. Xüsusilə Pakistanın və Türkiyənin mövqeyi diqqətəlayiqdir. Azərbaycan ilə Pakistan və Türkiyə arasında münasibətlər təkcə strateji tərəfdaşlıq deyil, eyni zamanda qardaşlıq münasibətləri səviyyəsində qiymətləndirilir. Pakistan dünyada Ermənistanı təcavüzkar dövlət kimi tanıyan və bu səbəbdən onunla diplomatik münasibətlər qurmayan nadir ölkələrdən biridir. Bu, Pakistanın Azərbaycanın ərazi bütövlüyü və ədalətli mövqeyi ilə tam həmrəylik nümayiş etdirdiyini göstərir. Pakistanın Ermənistanla diplomatik əlaqələr qurmaması və bu məsələdə Azərbaycanın mövqeyi ilə uzlaşan siyasət yürütməsi iki ölkə arasında yüksək etimadın mövcud olduğunu sübut edir. Bu yanaşma həm də onu göstərir ki, Azərbaycan və Pakistan regional və beynəlxalq məsələlərdə bir-birinin maraqlarını nəzərə alan strateji müttəfiqlərdir. Digər tərəfdən, Gürcüstan, Özbəkistan, Latviya və Birləşmiş Ərəb Əmirlikləri liderlərinin də Azərbaycana dəstək verməsi ölkəmizin müxtəlif regionlarla qurduğu geniş diplomatik əlaqələrin nəticəsi kimi qiymətləndirilə bilər. Bu dövlətlərin nümayiş etdirdiyi həmrəylik göstərir ki, Azərbaycan artıq yalnız regional deyil, eyni zamanda beynəlxalq siyasətdə də etibarlı tərəfdaş kimi qəbul olunur.

Eyni zamanda bu hadisələr göstərir ki, Azərbaycanın yürüdüyü balanslı və praqmatik xarici siyasət öz nəticəsini verir. Ölkə müxtəlif dövlətlərlə qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlər quraraq geniş diplomatik dəstək şəbəkəsi formalaşdırıb. Belə bir vəziyyətdə Azərbaycanın suverenliyinə qarşı yönəlmiş hər hansı addım beynəlxalq səviyyədə də ciddi reaksiya ilə qarşılanır. Müxtəlif ölkə liderlərinin Azərbaycan Prezidentinə zəng edərək dəstək ifadə etməsi təkcə diplomatik jest deyil, həm də Azərbaycanın beynəlxalq aləmdə güclənən mövqeyinin və etibarlı tərəfdaş kimi qəbul olunmasının göstəricisidir. Xüsusilə Pakistan kimi qardaş ölkənin prinsipial mövqeyi isə Azərbaycan-Pakistan münasibətlərinin nə qədər möhkəm və strateji xarakter daşıdığını bir daha sübut edir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə