”Bu xalq “Dəmir yumruğ”un nə olduğunu göstərib və lazımı anda, yenə də göstərəcək” - DEPUTAT DANIŞDI
”Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 5 mart tarixində Təhlükəsizlik Şurasının iclasında səsləndirdiyi qətiyyətli və prinsipial mövqe hər bir azərbaycanlının iradəsini, dövlətimizin haqq səsini və milli qürurunu ifadə edir”.
Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, Cənab Prezidentin də vurğuladığı kimi, İran tərəfindən Naxçıvan Muxtar Respublikasında mülki obyektlərin, hava limanının, məktəbin və digər istiqamətlərin pilotsuz uçuş aparatları ilə hədəfə alınması Azərbaycan dövlətinə qarşı açıq terror aktıdır:
”Bu, beynəlxalq hüququn, qonşuluq münasibətlərinin və insanlığın bütün normalarının kobud şəkildə pozulmasıdır.
Azərbaycan xalqı bu məsələdə dövlət başçısı ilə tam həmrəydir. Xalqımız yaxşı bilir ki, ölkəmiz heç vaxt heç bir qonşu dövlətə qarşı öz ərazisindən istifadəyə imkan verməyib və verməyəcək.
Azərbaycanın siyasəti hər zaman aydın, prinsipial və məsuliyyətli olub. Buna baxmayaraq, ölkəmizə qarşı əsassız ittihamlar, çirkin kampaniyalar və indi də açıq hərbi-terror aktı həyata keçirilib. Bu, düşmənçilikdir, xəyanətdir və bunun heç bir bəraəti ola bilməz.
Ən böyük mənəvi iflas isə ondadır ki, İranın ən çətin günləri yaşadığı bir dövrdə Azərbaycan yenə də humanizm, qonşuluq və dövlət məsuliyyəti nümayiş etdirdi. Azərbaycan rəhbərliyi başsağlığı verdi, diplomatik jest etdi, hətta İranın xahişi əsasında onun xaricdə qalmış əməkdaşlarının təxliyəsi üçün yardım göstərdi. Yəni Azərbaycan öz dövlət ənənəsinə sadiq qalaraq yenə də insani və vicdanlı mövqe ortaya qoydu. Bunun qarşılığında isə xaincəsinə zərbə endirilməsi İran hakimiyyətinin əsl simasını, siyasi mahiyyətini və nə qədər etibarsız olduğunu bir daha nümayiş etdirdi.
Bu gün hər kəs bilməlidir ki, Azərbaycan dövləti heç bir təhdid qarşısında geri çəkilən dövlət deyil. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz öz suverenliyini, sərhədlərini, xalqının təhlükəsizliyini qorumağa tam qadirdir. Bu xalq “Dəmir yumruğ”un nə olduğunu göstərib və lazımı anda, yenə də göstərəcək.
Xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycan xalqı öz Prezidentinin, öz dövlətinin və ordusunun yanındadır. Biz terrora boyun əyməyəcəyik, təxribat qarşısında susmayacağıq, dövlətimizə qarşı yönəlmiş heç bir namərd addımı cavabsız qoymayacağıq. Azərbaycan bu gün də güclüdür, bir yumruq kimi birləşib və milli maraqlarımızı qorumaq üçün sonadək qətiyyət nümayiş etdirəcək.
Yaşasın müstəqil Azərbaycan! Yaşasın Azərbaycanın dövlət iradəsi, xalq birliyi və Ali Baş Komandan ətrafında sarsılmaz həmrəylik!”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB