"Gənclikdə yaşanan zorakılıq unudulmur" - AYDINLIQ GƏTİRİLDİ

"Ümumiyyətlə, cəmiyyətimizin sağlam və normal inkişafını istəyiriksə, gənclərə qarşı zorakılığın qarşısını almaq çox vacibdir. Çünki gəncin zorakılıqla qarşılaşdığı bir mühit onun psixologiyasında müxtəlif travmaların və psixoloji sindromların yaranmasına səbəb ola bilər. Bu təsirlər bəzən illər sonra, hətta insanın yetkin yaşlarında belə özünü göstərir".

Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, tez-tez belə hallarla qarşılaşırıq ki, artıq 40, 50, hətta 60 yaşında olan insanlar belə gənclik dövründə yaşadıqları hadisələri xatırlayaraq deyirlər: “Mən pis insan deyildim, sadəcə həyat məni bu vəziyyətə gətirdi. Gözümün qarşısında baş verən zorakılıqlar, gördüyüm hadisələr mənim psixologiyama çox təsir etdi”. Bu cür ifadələr göstərir ki, gənclik dövründə yaşanan travmalar insanın sonrakı həyatına birbaşa təsir edə bilir: "Ümumiyyətlə, cəmiyyətin sağlam inkişafı üçün gəncləri yalnız fiziki deyil, həm də psixoloji və mənəvi baxımdan düzgün şəkildə yetişdirmək lazımdır. Gəncləri yalnız öz istəklərinə görə deyil, eyni zamanda cəmiyyət üçün faydalı fərdlər kimi formalaşdırmaq vacibdir.

Çünki gəncə qarşı törədilən zorakılıq və ya gəncin gözü qarşısında doğmalarına qarşı edilən zorakılıq onun şüuraltında dərin iz buraxır. Psixologiyada məlumdur ki, insan davranışlarının böyük hissəsi şüuraltı ilə bağlıdır. İnsan şüurunun aktiv fəaliyyəti müəyyən bir faiz təşkil etsə də, şüuraltında toplanan travmalar sonradan davranışlara və qərarlara təsir göstərir.

Məsələn, bəzən zorakılıq görmüş gənclər sonradan özləri də aqressiv davranışlar nümayiş etdirirlər. Bir neçə gün əvvəl belə bir gəncin sözlərini eşitmişdim. O deyirdi ki, gənclik dövründə onların ailəsi maddi çətinliklər yaşayırdı və bir gün borc səbəbindən evlərinə gəlib əşyalarını zorla aparmışdılar. O gənc deyirdi ki: “Bu hadisə mənim içimdə böyük bir sərtlik və qəddarlıq yaratdı. Mən bəzən istəyirəm ki, daha sakit və mehriban olum, amma içimdəki bu hisslərlə mübarizə aparmaq mənə çətin gəlir.” Bu da göstərir ki, insan bəzən öz davranışlarının səbəbini anlayır, lakin həmin travmanın təsirindən tam qurtulmaq asan olmur.

Gənclərə qarşı yalnız fiziki zorakılıq deyil, psixoloji və emosional zorakılıq da çox ciddi təsir göstərir. Bəzən bu cür təzyiqlər valideynlər tərəfindən olur, bəzən isə müəllimlər tərəfindən. Məsələn, gəncə “Səndən heç nə çıxmayacaq”, “Sən heç kim olmayacaqsan” kimi sözlərin deyilməsi onun özünə inamını sarsıdır və gələcək inkişafına mənfi təsir göstərir. Digər tərəfdən, ağır travmatik hadisələr də insan psixologiyasında silinməz izlər buraxa bilər. Məsələn, zəlzələlər, qəzalar və ya müharibə kimi hadisələr zamanı insanların gözləri qarşısında yaxınlarını itirməsi onların yaddaşından asanlıqla silinmir. Xüsusilə müharibə görmüş cəmiyyətlərdə belə travmalar daha çox rast gəlinir.

Əgər bir insan gözlərinin qarşısında doğmasını itiribsə və ya ağır bir hadisənin şahidi olubsa, bu xatirəni tamamilə unutdurmaq çox çətindir. O hadisə insanın şüuraltında qalır və həyatının müxtəlif mərhələlərində yenidən xatırlana bilər.
Ona görə də belə hallarda insanların psixoloji dəstək alması çox vacibdir. Çünki travmatik hadisələr insanın şüuraltına ciddi təsir göstərir və bu təsirin aradan qaldırılması üçün mütəxəssis dəstəyi böyük rol oynayır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə