"Azərbaycanın Naxçıvan bölgəsinə edilən dron hücumundan sonra dünyanın bir çox ölkələrinin liderləri Azərbaycan Prezidentinə zəng edərək dəstəklərini ifadə etdilər və Azərbaycanın yanında olduqlarını bildirdilər".
Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.
_(1).jpg)
Onun sözlərinə görə, bu, ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuzun və Azərbaycanın qlobal siyasətdə oynadığı mühüm rolun bariz göstəricisidir: "Hətta vaxtilə Azərbaycana qarşı tənqidi mövqe sərgiləyən, ölkəmizin uğurlarını qəbul etməkdə çətinlik çəkən bəzi Avropa dövlətləri, eləcə də Türk Dövlətləri Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatından kənar olan bəzi ölkələr belə bu məsələdə Azərbaycana rəğbətlə yanaşdıqlarını və dəstək göstərdiklərini ifadə etdilər.
Bu fakt onu deməyə əsas verir ki, Azərbaycanın indiyə qədər həyata keçirdiyi xarici siyasət kursu əsasən praqmatik prinsiplər üzərində qurulmuşdur. Azərbaycan təkcə region səviyyəsində deyil, eyni zamanda qlobal miqyasda da balanslı və düşünülmüş siyasət yürüdərək beynəlxalq təşkilatların və bir çox dövlətlərin rəğbətini qazana bilmişdir.
Bu gün dünya görür ki, Azərbaycan həm şimalda baş verən böyük müharibə, həm də cənub istiqamətində regionda yaşanan gərginliklər fonunda öz soyuqqanlı, praqmatik və konstruktiv xarici siyasətini davam etdirir və bundan sonra da bu siyasət kursunu qoruyub saxlayacaq.
Bu baxımdan, Azərbaycana göstərilən dəstək ölkəmizin müdrik siyasətinin, sülh gündəminə sadiqliyinin və beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş kimi qəbul olunmasının nəticəsidir. Hətta vaxtilə Azərbaycana qarşı düşmən mövqedə olan, lakin hazırda müəyyən reallıqları qəbul edən Ermənistan belə bu siyasətin nəticələrini görməkdədir.
Məsələn, xatırlasaq, Avropada və Balkanlarda mühüm ölkələrdən biri olan Serbiyanın Prezidenti Aleksandar Vuçiç dəfələrlə qeyd etmişdir ki, o, Azərbaycan Prezidenti ilə məsləhətləşmələr aparır və onun təcrübəsindən faydalanır. Bu isə onu göstərir ki, Avropa siyasətçiləri belə Azərbaycanın həyata keçirdiyi siyasəti diqqətlə izləyir və bu yanaşmanı müdrik və praqmatik siyasət nümunəsi kimi qiymətləndirirlər.
Naxçıvana edilən hücumdan sonra beynəlxalq səviyyədə Azərbaycana göstərilən dəstək də bir daha sübut edir ki, ölkəmiz qlobal siyasətdə mühüm rol oynayır və Azərbaycanın həyata keçirdiyi strateji xətt bir çox dövlətlər tərəfindən nümunəvi siyasət modeli kimi qəbul olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB