İran mollakratiyasının Azərbaycana qarşı Naxçıvan təxribatı: siyasi isterika və geosiyasi acizlik - MƏQALƏ

Son dövrlərdə İran İslam Respublikasının ali dini-siyasi dairələrindən səslənən Azərbaycan əleyhinə bəyanatlar təkcə diplomatik etiketin pozulması deyil, eyni zamanda regiondakı geosiyasi reallıqlarla barışa bilməyən mollakratiyanın daxili qorxularının açıq təzahürüdür.. Bu ritorika nə tarixi faktlara, nə beynəlxalq hüquqa, nə də sağlam məntiqə söykənir.

İran İslam Respublikası teokratik idarəetmə modelinə əsaslanan nadir siyasi sistemlərdəndir. “Vilayəti-fəqih”doktrinası dövlətin həm daxili, həm də xarici siyasətində dini ideologiyasnın dominant rolunu təmin edir. Bu modeldə xarici siyasət klassik, realist maraqlardan daha çox məntiqsiz ideoloji reflekslərə söykənir. Molla rejiminin Azərbaycana qarşı “xarici güclərə xidmət”,”təhlükə mənbəyi”kimi ittihamlar səsləndirməsi əslində öz sisteminin legitimlik böhranını ört-basdır etmək cəhdidir.

Azərbaycan Respublikası müstəqil, beynəlxalq hüquqa əsaslanan, praqmatik və balanslı siyasət yürüdən, suveren, beynəlxalq səviyyədə tanınmış dövlətdir. Onun daxili və xarici siyasəti heç bir ölkənin ideoloji istəklərinə uyğunlaşdırılmaq məcburiyyətində deyil.

Son günlər Naxçıvan Muxtar Respublikası ətrafında baş verən hadisələr regionda təhlükəsizlik balansını ciddi şəkildə sarsıdıb. İran ərazisindən buraxılan pilotsuz uçuş aparatlarının, zərbə dronlarının Naxçıvan Beynəlxalq Aeroportun sərnişin terminalına, Şəkərabad kənd Orta məktəb binasının həyətinə, fərdi yaşayış evinə, mülki obyektlərə zərbə endirməsi nəticəsində, zərər yetirməsi sadəcə texniki səhv və ya təsadüfi hadisə kimi izah edilə bilməz. Bu, regionda gərginliyi artıran açıq bir təxribatdır.

İran uzun illərdir ki, Azərbaycan ilə münasibətlədə ziddiyətli siyasət yürüdür. Bir tərəfdən rəsmi bəyanatlarda qonşuluq və dostluq mesajları verilir, digər tərəfdən isə sərhəd yaxınlığında hərbi təlimlər, siyasi təzyiq və müxtəlif provaktiv addımlar müşahidə olunur. Naxçıvanda baş verən təxribat da bu siyasətin növbəti mərhələsi kimi görünür.

Xüsusilə, nəzərə almaq lazımdır ki, İran regionda sabitliyi pozacaq addımların risklərini yaxşı bilir. Naxçıvan Azərbaycanın strateji bölgəsidir və eyni zamanda Türkiyə ilə quru əlaqəsinə malikdir. Belə birəraziyə qarşı hər hansı hərbi xarakterli insindent yalnız Azərbaycanı deyil, bütün regionu təhlükəli qarşıdurmaya sürükləyə bilər. Bu isə artıq lokal gərginlikdən çıxaraq geniş geosiyasi böhran riskini artırır.

Rəsmi İran hadisə ilə bağlı məsuliyyəti inkar etsə də, bu cür insidentlərdə inkar siyasəti yeni deyil.Beynəlxalq münasibətlər tarixində çoxsaylı nümunələr göstərir ki, dövlətlər bəzən, dolayı yollarla təzyiq göstərməyə çalışır və məsuliyyətdən yayınmaq üçün hadisələri “araşdırma mərhələsi” adı altında uzadır. Lakin, mülki ərazilərə düşən dronlar və yaralanan insanlar fakt olaraq qalır. Bu hadisə region dövlətləri üçün də ciddi xəbərdarlıqdır. Belə bir şəraitdə qonşu ölkənin məsuliyyətsiz addımları sabitliyi pozur və qarşılıqlı etimadı daha da zəiflədir.

Nəticə etibarilə, Naxçıvanda baş verən hadisə sadəcə bir sərhəd insindenti deyil. Bu, regionda güc balansını yoxlamağa yönəlmiş təhlükəli siyasi oyunun elementinə bənzəyir. Əgər belə addımlar davam edərsə, bu, yalnız Azərbaycanla İran arasında deyil, bütövlükdə Cənubi Qafqazda sabitliyə ciddi zərbə vura bilər. Buna görə də beynəlxalq hüquqa və qonşuluq münasibətlərinə hörmət göstərilməsi artıq seçim deyil zəruri şərtdir.

Azərbaycan dövləti İran xalqına deyil, İranı girov saxlayan mollakratiyaya qarşı mövqeyini ortaya qoyur. Biz, mehriban qonşuluq, qarşılıqlı hörmət və beynəlxalq hüquqa əsaslanan münasibətlərin tərəfdarıyıq. Lakin, bu birtərəfli səbr və susqunluq demək deyil.

Hər bir suveren dövlət kimi Azərbaycan da öz şərəfini, təhlükəsizliyini və siyasi iradəsini qorumağa qadirdir. İran molla rejiminin məsuliyyətsiz ritorikası isə tarix qarşısında onun zəifliyinin və qorxularının növbəti sübutu kimi qalacaq.

Qloballaşma və Milli Həmrəylik İB-nin sədri Həsən Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə