“Azərbaycanın sərt reaksiyası İranın təxribatçı addımlarına cavabdır” - ŞƏRH EDİLDİ
"Son günlər baş verən hadisələr və xüsusilə İran tərəfinin addımları Azərbaycan–İran münasibətlərində ciddi gərginlik yaradıb. Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında verdiyi açıqlama göstərir ki, rəsmi Bakı bu hadisəni sıradan bir insident kimi deyil, dövlət təhlükəsizliyi və regional sabitlik baxımından ciddi məsələ kimi qiymətləndirir".
Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Anar Əliyev deyib.
Onun sözlərinə görə, İranın Azərbaycandakı səfirinin Xarici İşlər Nazirliyinə çağırılması və etiraz notasının təqdim olunması beynəlxalq diplomatik praktikada sərt siyasi siqnal hesab olunur: "Azərbaycan uzun illərdir regionda balanslı və məsuliyyətli xarici siyasət yürüdən ölkə kimi tanınır. Rəsmi Bakı qonşu dövlətlərlə münasibətlərdə qarşılıqlı hörmət və suverenliyə hörmət prinsipini əsas götürür. Buna baxmayaraq, İranın son dövrlərdə atdığı addımlar və Azərbaycana qarşı sərt ritorikası regionda etimad mühitinə ciddi zərbə vurur. Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, Azərbaycan tərəfi dəfələrlə öz ərazisinin İrana qarşı istifadə olunmasına icazə vermədiyini açıq şəkildə bəyan edib və bu siyasətə sadiq qalıb. Buna baxmayaraq, İranın Azərbaycana qarşı sərt və bəzən açıq təhdid xarakterli mövqeyi göstərir ki, Tehran regionda gərginliyi azaltmaqdan daha çox siyasi təzyiq alətlərindən istifadə etməyə çalışır.
Politoloji baxımdan bu cür addımlar İranın region siyasətində ciddi strateji səhv kimi qiymətləndirilə bilər. Çünki Cənubi Qafqaz regionu onsuz da həssas geosiyasi balansın mövcud olduğu bir məkandır və burada əlavə gərginlik yaratmaq nə regional sabitliyə, nə də İranın öz maraqlarına xidmət edir. Əksinə, bu cür davranış İranın beynəlxalq imicinə mənfi təsir göstərir və onu regionda etibarlı tərəfdaş kimi göstərmir.
Prezident İlham Əliyevin sərhədlərlə bağlı müvafiq göstərişlər verməsi isə onu göstərir ki, Azərbaycan dövləti təhlükəsizlik məsələlərinə son dərəcə ciddi yanaşır və ölkənin suverenliyini qorumaq üçün bütün zəruri addımlar atılır. Bu, həm də Azərbaycanın regionda güclü dövlət olduğunu və təhlükəsizlik məsələlərində prinsipial mövqe tutduğunu nümayiş etdirir. İranın son addımları Azərbaycan tərəfindən haqlı olaraq sərt şəkildə qiymətləndirilir. Diplomatik etirazın bildirilməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi göstərir ki, Azərbaycan öz suverenliyinə və təhlükəsizliyinə qarşı yönəlmiş hər hansı addımı qəbul etməyəcək və buna adekvat cavab verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB