“Naxçıvana dron hücumu İranın regionda təxribatçı siyasətini göstərir” - ŞƏRH EDİLDİ

"Naxçıvan Muxtar Respublikasında mülki infrastruktura qarşı həyata keçirilmiş dron hücumu İranın regionda yürüdüyü siyasətin mahiyyətini bir daha açıq şəkildə ortaya qoyur. Azərbaycan uzun illərdir ki, İranla münasibətlərdə mehriban qonşuluq prinsiplərinə sadiq qalıb, öz ərazisinin üçüncü dövlətlər tərəfindən İrana qarşı istifadə olunmasına heç vaxt imkan vermədiyini dəfələrlə rəsmi şəkildə bəyan edib".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, İran tərəfindən Azərbaycanın mülki obyektlərinin hədəfə alınması açıq şəkildə təxribat və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır: "Xüsusilə diqqət çəkən məqam odur ki, hücumun hədəfi hərbi obyekt deyil, mülki infrastrukturdur. Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına zərbə endirilməsi və məktəb yaxınlığına dronun düşməsi göstərir ki, İranın bu addımı yalnız siyasi mesaj vermək deyil, eyni zamanda regionda gərginliyi qəsdən artırmaq məqsədi daşıyır. Bu isə beynəlxalq münasibətlər sistemində məsuliyyətli dövlət davranışına ziddir. Digər tərəfdən, İranın uzun illərdir öz ərazisində yaşayan milyonlarla azərbaycanlıya qarşı apardığı siyasət də bu ölkənin siyasi kursunun mahiyyətini göstərir. Azərbaycanlıların ana dilində təhsil hüququnun məhdudlaşdırılması, milli fəalların təqib edilməsi və mədəni hüquqların məhdudlaşdırılması artıq beynəlxalq təşkilatların diqqətini çəkən ciddi problemlərdir. Bu kontekstdə Naxçıvana edilən hücum İran hakimiyyətinin regionda və öz daxilində yürüdüyü repressiv siyasətin davamı kimi qiymətləndirilə bilər.

Bununla yanaşı, Azərbaycan tərəfinin davranışı tamamilə fərqli olub. Rəsmi Bakı regionda gərginliyin artmaması üçün hər zaman balanslı siyasət yürüdüb, İranla münasibətlərdə diplomatik və konstruktiv xətti qorumağa çalışıb. Hətta İran daxilində baş verən hadisələr zamanı Azərbaycan rəhbərliyi humanist mövqe nümayiş etdirərək İran xalqına və rəhbərliyinə başsağlığı ifadə edib. Bütün bunların fonunda İranın belə bir addım atması göstərir ki, Tehran regionda qarşıdurma siyasətini davam etdirməyə çalışır və bu siyasət nə regionun sabitliyinə, nə də İranın öz maraqlarına xidmət edir. Əksinə, bu cür təxribatlar İranın beynəlxalq arenada daha da təcrid olunmasına səbəb ola bilər. Naxçıvana qarşı dron hücumu yalnız Azərbaycan əleyhinə yönəlmiş hərbi-siyasi addım deyil, həm də regionda sabitliyi pozmağa yönəlmiş məsuliyyətsiz davranışdır. Bu hadisə göstərir ki, İran rəhbərliyi qonşu dövlətlərlə münasibətlərdə qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsiplərinə əməl etmək əvəzinə, təzyiq və təxribat üsullarına üstünlük verir. Lakin Azərbaycan dövlətinin suverenliyi və təhlükəsizliyi təmin olunacaq və belə addımların cavabsız qalmayacağı şübhəsizdir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə