“İran rejiminin təcavüzkar addımları qəti şəkildə pislənir” - DEPUTAT DANIŞDI

“Cənab Prezidentimiz İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışı məzmunca geniş və mahiyyətinə görə çox dərindir”.

Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Musa Qasımlı bildirib.

Onun sözlərinə görə, bu çıxışda qonşu İran İslam Respublikasındakı rejim tərəfindən ölkəmizə qarşı həyata keçirilən terror aktı qəti şəkildə pislənilib:

”Hadisə həm beynəlxalq hüquq normalarında irəli gələn prinsiplərə, həm də mehriban qonşuluğa ziddir. Azərbaycan dövləti heç bir zaman özünün quru ərazisindən, su sahəsindən və hava məkanından nəinki İrana, digər heç bir qonşu dövlətə qarşı da istifadəyə icazə verməyib.Dövlətimizin sözü və işi həmişə bir olub.

Təəssüf ki, Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra bu rejim ölkəmizə sanki qənim kəsilib, düşmənçilik edib və hər yerdə gözdən salmağa çalışıb. Yalnız bəzi faktları söyləməyi lazım bilirəm. Hələ 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa edərkən İİR-in xarici işlər naziri Moskvaya səfər zamanı bildirmişdi ki, Azərbaycanla münasibətlərimiz SSRİ çərçivəsində davam etdiriləcəkdir. Bunun adı nə idi? Axı o zaman bir sıra dövlətlər Azərbaycanın müstəqilliyini tanımışdı.

İran rejimi Azərbaycanın neft strategiyasına, “Əsrin müqaviləsi”nin həyata keçirilməsinə həmişə mane olmağa çalışıb. Müxtəlif əsassız iddialar irəli sürüb.

1995-ci ildə Azərbaycan RespublikasınınKonstitusiya layihəsi müzakirə edilərkən bu rejim Azərbaycan əleyhinə iyrənc təbliğat aparıb. Guya Azərbaycanda islam dini sıxışdırılır. Məqsəd Azərbaycanı gözdən salmaq idi. Çünki güclü və müstəqil Azərbaycan dövləti nəinki tarixi ərazilərimizdə yaşayan cənublu bacı-qardaşlarımıza, eyni zamanda bütün dünyadakı azərbaycanlılara güclü təsir göstərirdi.

Rejimin nümayəndələri itirilmiş 17 şəhərdən danışıblar. Bu isə bütün normaları pozub keçmək idi.

Azərbaycan Təbrizdə konsulluq açmaq istəyərkən İran rəsmiləri təklif etmişdi ki, sizə Təbrizdə münasibət pisdir, gəlin başqa bir şəhərdə konsulluq açaq. Cavabında Azərbaycanın Respublikasının xarici işlər naziri demişdi ki, belə çıxır, İranın bir yerində bizə münasibət yaxşıdır, başqa yerində pisdir? Bu nə demək idi? İranda bir damda iki hava var idi?

İrandakı rejim Xəzər dənizində münaqişə törədib.İran gəmiləri Azərbaycanla su sərhədini göstərən işarələri burub dağıdıb, təyyarələri isə Azərbaycan hava sərhədini pozub.

İran dövləti bütün dövlətlərin, o cümlədən Azərbaycan Respublikasının Tehrandakı səfirliyini qorumalı olduğu halda, terrorçu səfirliyimizin inzibati binasına daxil olaraq, əməkdaşı qətlə yetirib.Bu zaman İran polisi harada idi? Rejim Vyana konvensiyasını unutmuşdumu?

Rejim sərhədlərimizin yaxınlığında hərbi təlimlər keçirərək güc nümayiş etdirib.

İşğal altındakı ərazilərmizə daxil olan İranüzdəniraq sərhəd telləri çəkib. Evləri söküb, talayıb aparıb və s..

Belə faktların sayını artırmaq da olar. Amma bütün bunların İran üçün nəticəsi nə olub? Azərbaycana qarşı nadürüst davranan rejim istəyinə çatıbmı? Qətiyyən! 1991-ci ildən bəri İranhakimiyyəti Azərbaycana qarşı həyata keçirdiyi bütün fəaliyyətlərdə həmişə uğursuz olub,məğlubiyyətlə üzləşib. Hər şey göz önündədir.

Əgər bu rejimin zərrə qədər düşüncəsi varsa, görməlidir ki, bütün ötən illər ərzində Azərbaycana qarşı yürütdüyü siyasət iflasa uğrayıb. İran başa düşməlidir ki, Azərbaycanla zarafat etmək olmaz. Ona görə cənab Prezidentimiz İlham Əliyevin Təhlükəsizlik Şurasında dediyi sözlərdən bu rejim nəticə çıxarmalı, qulağında sırğa kimi asmalıdır.

Azərbaycan dövləti səbr göstərir, amma ağlını başına yığmayanlardan aldığı intiqam çox ağır olur.Azərbaycan odu ilə oynayanlar həmin odda yanıb külə dönərlər”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə