Kadırov Zakayevlə “haqq-hesab” çəkəcəyinə söz verdi

Kadırov Zakayevlə “haqq-hesab” çəkəcəyinə söz verdi

Çeçenistan rəhbəri Ramzan Kadırov “nəyin bahasına olursa-olsun, çeçen separatçılarının keçmiş emissarı Əhməd Zakayevin yanına çatacağına söz verib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Kadırov bununla bağlı Telegram-da çeçen dilində müvafiq müraciət dərc edib.

“...Mən nə yolla olursa-olsun ona çatacağam, hətta bütün dünya alt-üst olsa belə, məhkəməyə getməyə belə hazıram”, - deyə Kadırov bildirib.

Onun sözlərinə görə, Zakayev çeçen xalqının və çeçen kişilərinin şərəfini aşağılayır.

“...Onu nə kişi, nə də qadın adlandırmaq olmaz, o, Ukraynada xüsusi əməliyyatda iştirak etməmək çağırışları ilə videolar çəkir, çeçenlərə qaçmağı, vətənini tərk etməyi təklif edir”.

Bu da Ramzanın müvafiq müraciətindəndir.

Kadırovun sözlərinə görə, hazırda Zakayev xüsusi əməliyyat zonasındadır və “ona kim birinci çatarsa, onu məhv etməlidir”.

P.S: Qeyd edək ki, Əhməd Zakayev İçkeriya Çeçenistan Respublikasının qurucularından və rəhbərlərindən biri, İçkeriya Milli Ordusunun briqada generalı, mədəniyyət naziri və Baş nazirinin müavini və sonradan ölkənin Xarici İşlər Naziri olub. Deyilənlərə görə, 1996-cı ilin avqustunda Qroznını ələ keçirmək üçün "Cihad" əməliyyatını planlaşdıranlardan biri də Əhməd Zakayev olmuşdu. Sonradan o, İçkeriya Çeçenistan Respublikasının Silahlı Qüvvələrinin “Xüsusi təyinatlı briqada”sına komandirlik etmişdi.

Gərək ki, hazırda İngiltərədə yaşayır. 2002-ci ildə Rusiya Zakayevi “cinayətkar” kimi ingilislərdən tələb etsə də, London onu ruslara vermədi və əksinə gərək ki, bir il sonra Əhməd Zakayevə Böyük Britaniyadan siyasi sığınacaq verildi.

Bəli, onun hazırda Ukrayna tərəfindən ruslara qarşı döyüşdüyü də həqiqətdir. Gərək ki, bu ilin avqustunda onun könüllü çeçenlərdən təşkil etdiyi batalyonun da görüntüləri yayımlanmışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə