Erməni “müstəqilliyi”nə rus xəyanəti...

Bunlar da, oturub ...indi qanırlar ki, sən demə, dünənə qədər müstəqil kimi təbliğ etdikləri Ermənistan, əslində müstəqil-zad deyilmiş. Rusiyanın Meqridəki keçid məntəqəsi isə... Ermənistanın müstəqilliyinə böyük zərbə imiş.

...Əvvəla, erməninin hansı müstəqillikdən danışdığı bir az başa düşüləsi deyil. Qeyd edilməlidir ki, bunu artıq ermənilərin özləri də deyəsən yavaş-yavaş anlamağa başlıyırlar.

Qeyd edək ki, gələn ay, yəni sentyabrın 21-də Ermənistan müstəqilliyinin 31-ci ilini qeyd edəcək.

...Amma ermənilər artıq özləri də təqvimlərində qırmızı kimi qeyd etdikləri həmən gündən, həm də müstəqilliyin özündən artıq məhrum edildiklərini etiraf etməyə başlayıblar.

Qeyd edək ki, 1990-cı ilin 23 avqustunda Ermənistan SSR-nin Ali Soveti Ermənistanın İstiqlal Bəyannaməsini qəbul edərək, Ermənistan SSR-nin ləğvini və Ermənistan Respublikasının müstəqilliyini elan edib(?).

1991-ci il 21 sentyabrda Ermənistan xalqı müstəqillik referendumunda SSRİ-dən ayrılmaq üçün səs verir.

...Və beləliklə, ümumxalq referendumunda iştirak edən 2 milyon 42 min 627 erməninin 99 faizi SSRİ-nin tərkibindən çıxmağa və müstəqil Ermənistan dövlətinin yaradılmasına səs verdilər.

Və həmən gündən Ermənistan həm sənədlərdə, həm də kağız üzərində müstəqil bir dövlət oldu.

Nə gözəl, nə gözəl...amma, yenə də erməni etirafına görə, üç onillikdən sonra məlum olur ki, demə, ermənilərin “müstəqillikləri” də elə özləri kimi saxta imiş.

İndi “başlarına döyürlər” ki, Ermənistan arxada qalan onilliklər ərzində guya repressiv idarəçiliyi rədd edə bilməyib.

Dünyaya səpələnmiş milyonlarla (daha ağ eləməyin də...) erməni üçün cəlbedici, qanunun aliliyinə və demokratik təsisatlara hörmət edən ölkəyə çevrilə bilməyiblər.

Doğrudur, “müstəqilliyinin” ilk illərində xaricdəki ermənilərin bəzilərini müstəqil Ermənistanda yaşamağa dəvət etmişdilər. Amma gələnlər də aldadıldıqlarını görüb sonradan bir-bir aradan çıxdılar.

Nə isə, uzatmayaq, beləliklə, ötən gün xəbər yayan erməni KİV-ləri Ermənistan ərazisindəki magistralın Meğri-Ağarak hissəsində rus hərbçi postlarının peyda olduğu və oradan keçən bütün maşınları erməni nömrələri ilə yoxladıqları məlum olub. Rus hərbçiləri öz evlərindəki kimi, ermənilərin sənədlərini yoxlayır, şəxsi əşyalarına və baqaj bölmələrinə baxış keçirirlər.

Üstəlik, bu cür hərəkətləri həyata keçirmək üçün qanuni əsaslar və Ermənistanın müvafiq strukturlarından icazə təqdim edilmədən.

Daha bunun nəyi müstəqillik oldu?

Gərək ki, Serjik Sarkisyanın “prezidentliyi” dövründə deyirdilər ki, guya o, Rusiyanın icazəsi olmadan evindəki televizorun kanalını belə, dəyişdirməyə cürət etmir.

Təbii ki, kağız üzərində adı prezident kimi keçəndən başqa bir aqibət gözləməyə dəyməzdi.

O da yadınızda olar ki, ötən il Baş nazir Nikol Paşinyan “ölkədə bayram əhval-ruhiyyəsi olmasa da, hər halda “müstəqilliyin ildönümünü lazımi şəkildə keçirmək lazımdır” -deyə bildirmişdi. Özü də həmən ildönüm “müstəqilliyimizin” 30 illiyinə təsadüf edirdi. Nə qədər olmasa da, kənardan baxanlar var axı...

Bəs, görən, bu il necə olacaq? Əslində, ermənilər elə doğru da edirlər, müstəqil olmayan bir şeyi dünyada “müstəqil” kimi təqdim etməyə nə hacət?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə