PUA-lar Rusiya ordusunun Ukraynada irəliləməsinə mane olur

Böyük Britaniyanın müdafiə naziri Uolles Türkiyənin Ukraynaya verdiyi pilotsuz təyyarələrin Rusiya ordusunun irəliləyişinin qarşısını almağa kömək etdiyini bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Ben Uolles Türkiyənin Ukrayna ordusuna verdiyi TB2 Bayraktar pilotsuz uçuş aparatlarının (RUA) Rusiyanın hücumlarına qarşı təsirli olduğunu bildirib.

Uolles parlamentin dünənki iclasında Ukrayna Hərbi Hava Qüvvələrinə verilən dəstək barədə suala cavabında türk PUA-larını xatırladıb. Ukraynada istifadə edilən Bayraktar PUA-ların Rusiya ordusunun irəliləməsinin qarşısını almağa kömək etdiyini qeyd edən Uolles: "Bu, Rusiyanın qarşısını almaq üçün çox vacibdir" deyib.

Ukrayna Rusiya ilə müharibədən əvvəl Türkiyədən PUA almışdı, lakin Rusiya bu satışa reaksiya vermişdi. Türkiyə xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran ötən həftə verdiyi açıqlamada PUA-nın Ukraynaya satışının özəl bir şirkət tərəfindən həyata keçirildiyini və iki ölkə arasında razılaşma çərçivəsində edilmədiyini bildirmişdi.

Günay İsmayıllı

Bütün xəbərlər Facebook səhifəmizdə