Rusiyanın Ukraynaya hücumları artıq üçüncü həftədir ki, davam edir. NATO-da Ukraynaya qırıcı təyyarələrin verilməsi ilə bağlı müzakirələr davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ-ın vitse-prezidenti Kamala Harris Ukraynaya qırıcı təyyarələrin göndərilməsi məsələsini müzakirə etmək üçün Polşaya səfər edib.
Harris Varşavada Polşa prezidenti Anjey Duda və baş nazir Mateusz Moraviecki, həmçinin bu ölkədə səfərdə olan Kanadanın baş naziri Castin Trüdo ilə görüşəcək. ABŞ vitse-prezidentinin səfər cədvəlinə Rumıniya səfəri də daxildir.
Ukrayna prezidenti Vladimir Zelenski daha əvvəl Qərb ölkələrini Rusiyanın işğalına qarşı ölkəsini qırıcı təyyarələrlə təchiz etməyə çağırmışdı. Polşa sürpriz təkliflə ABŞ-ın Almaniyada olan bütün MiQ-29 təyyarələrini dərhal və pulsuz olaraq Ramşteyn aviabazasına daşımağa və ABŞ hökumətinin sərəncamına verməyə hazır olduğunu açıqlayıb.
Pentaqonun sözçüsü Con Kirbi isə Polşa ilə məsləhətləşmələri davam etdirəcəklərini bildirərək, NATO bazasından Ukraynaya dəstək üçün döyüş təyyarələrinin havaya qalxmasının bütün müttəfiqlərin narahatlığına səbəb olacağını bildirib.
Kirbi dünən verdiyi açıqlamada ABŞ bazasından təyyarələrin köçürülməsinin Rusiya ilə NATO arasında hərbi gərginliyi artıracağını və "yüksək risk" yaradacağını bildirib. ABŞ-ın Ukraynaya döyüş təyyarələrinin təhvil verilməsini dəstəkləmədiyini deyən Kirbi, müdafiə naziri Lloyd Ostinin polşalı həmkarı Mariusz Baszczak ilə Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı danışdığını, ABŞ-ın Polşadan fərqli olaraq döyüş təyyarələrinin Ukraynaya təhvil verilməsi qərarını dəstəkləmədiyini bildirib.
ABŞ rəsmiləri döyüş təyyarələrinin Ukraynaya təhvil verilməsi qərarının Polşaya aid olduğunu qeyd ediblər, Polşa hökuməti isə qərarın NATO müttəfiqləri ilə koordinasiyalı şəkildə qəbul edilməsini istəyib.
Günay İsmayıllı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB