NASA-nın Ukraynanın bir neçə gün ərzində necə qaranlığa qərq edildiyini göstərən peyk fotoşəkilləri dünyanı heyrətə salıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, son 15 gündür Rusiyanın şiddətli bombardmanlarına məruz qalan Ukraynadan dünyaya göndərilən fotoşəkillər müharibənin acısını və dağıntısını açıq-aşkar ortaya qoyub. Ancaq NASA-nın təqdim etdiyi peyk görüntüləri tamamilə fərqli bir reallığı ortaya qoyub.
Bir vaxtlar gecə səmasının işıqlarla işıqlandığı Ukrayna bir neçə gündə qaranlığa qərq olub. Şəkillər fevralın 3-dən martın 9-na kimidir və cəmi bir aylıq fərq ölkədə yaşanan dağıntıları, hücum qorxusundan yandırılmayan işıqları və ya elektrik enerjisi tamamilə kəsilən şəhərləri ortaya qoyub. Böyük şəhərlərdə elektrik enerjisi istehlakı nəzərə çarpacaq dərəcədə azalsa da, kosmosdan baxıldığında bu vəziyyət olduqca aydın görünür.
Əslində, Mariupol kimi tam mühasirədə olan bir neçə şəhərin elektrik enerjisi tamamilə kəsildiyi üçün qaranlıq daha da dərinləşmiş kimi görünür. Putinin başlatdığı işğal, gündüzləri davamlı bombalanan şəhərlərin gecələrini qorxu içində tam qaranlıqda keçirməsinə səbəb olur. 3 fevral ilə 9 mart arasındakı fərq kifayət qədər təəccüblü olsa da, 9 mart ilə 10 mart arasında bir günlük fərq belə heyrət doğurur. Günlərdir Rusiyanın atəşi altında olan Mariupol və Kiyev yaxınlığındakı İrpin şəhəri dağılmış binalardan əlavə həmçinin işıqsız və istiliksiz qalıb.
Fevralın 3-də lentə alınan görüntüdə Kiyevdə və digər böyük şəhərlərdə işığın böyük ölçüdə yayıldıgı göstərilir. Şəhərlərin izdihamlı əsas küçələrində böyük bir nəqliyyat axını və bu şəkildə yayılan bir işıq var.
Martın 9-da peykdən çəkilmiş görüntü üçün NASA Ukrayna üzərində bulud əmələ gəlməsinin də təsirli olduğunu və qaranlıq görüntüyə də bunun səbəb olduğunu, lakin 10 martın fərqli olduğunu bildirib.
Hücumların ilk günündən Ukraynanın bir çox şəhərlərində enerji qıtlığı yaşandığı məlumdur. Rusiya qüvvələri daxil olduqları şəhərlərdə enerji mənbələrinə qəsdən zərbələr endirirlər. Elektrik, su, internet, təbii qaz kimi infrastrukturlara zərbə vuran Rusiya bu yolla Ukraynanın dünya ilə əlaqəsini kəsməyə, müqavimətini zəiflətməyə çalışır.
Mariupol merinin müavini Serhiy Orlov şəhərdə enerji qıtlığının artdığını, içməli suyun kəsilməsi səbəbindən bölgədə yaşayanların qarı əridərək su içməyə çalışdığını bildirib. Elektrik və istilik sistemlərinin olmadığı şəhərdə dinc sakinlər sağ qalmaqda böyük çətinlik çəkirlər.
Britaniya mediası bu vəziyyəti, II Dünya Müharibəsində Almaniyanın hücumuna məruz qalan İngiltərə ilə müqayisə edib. 7 sentyabr 1940 ilə 16 may 1941-ci il tarixləri arasında İngiltərənin davamlı olaraq bombalandığı hava hücumları üçün "Blits" adı verilən bu termin xüsusilə paytaxt Londonda böyük dağıntılara səbəb olub. O günlərdə daim "Qaranlıq" altında olan ingilislər həm elektriksiz idilər, həm də hava hücumlarından gizlənmək üçün aylarla yalnızca şam işığı vasitəsilə işıqlandırılıblar.
Günay İsmayıllı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB