Meşə yanğınında 3300 hektar ərazi yanaraq külə dönüb

Cənubi Koreyanın şərqindəki Uljin bölgəsinin dağlıq ərazisində yanğın baş verib. İndiyədək meşə yanğınında 3300 hektar ərazi yanaraq külə dönüb, 50-dən çox ev isə alovlara qərq olub. Bölgədə təsirli olan güclü külək səbəbindən sürətlə yayılan meşə yanğını Hanul Atom Elektrik Stansiyasına qədər gəlib və səlahiyyətliləri təşvişə salıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Cənubi Koreya prezidenti Mun Jae yanğının mümkün qədər tez söndürülməsinə göstəriş verib. Yanğının nəzarət altına alınması və AES-ə keçməsinin qarşısının alınması məqsədilə 30 helikopter, 230 yanğınsöndürən maşın və 1100 yanğınsöndürən işini davam etdirir. Səlahiyyətlilər, Hanul Atom Elektrik Stansiyasına çatan meşə yanğını üçün müdafiə xəttinin yaradıldığını və bu günə qədər stansiyaya ziyan dəymədiyini açıqlayıb. Atom Elektrik Stansiyasının rəhbərləri hadisədən sonra stansiyanın fəaliyyətinin 50 faiz azaldığını bildiriblər.

Cənubi Koreya Milli Yanğından Mühafizə Xidməti, Uljin bölgəsindəki meşə yanğınında indiyədək 4000 adamın evlərindən təxliyə edildiyini, hadisədə can itkisinin olmadığını açıqlayıb.

Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə