Bank müştərisinin məlumatları mətbuata sızdı

2019-cu ilə qədər İsveçrədə yerləşən dünyanın ikinci ən böyük bankı “Credit Suisse”in 30 min müştərisinin qeydləri mətbuata sızıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, 120-dən çox ölkədən ümumilikdə 80 milyard funt-sterlinq dəyərində hesabları olan müştərilər arasında çox ağır cinayətlərə görə məhkum olunmuş insanlar da var.

Beynəlxalq qanunlar banklara bu cür cinayətlərdə iştirak edən şəxslərin hesablarını dondurmağı əmr edir. Ancaq məlumatlara görə, “Credit Suisse” lazımi yoxlamaları etməyib.

Müştərilər arasında isveçli insan alverçisi Stefan Sederholm, Filippində qaçaqmalçı, "birjanın xaç atası" kimi tanınan və rüşvətxorluğa görə həbs edilən Honq-Konqlu Ronald Li Fuk-şiu və Venesuelanın dövlət neft şirkətini talayan rəhbər şəxslər var.

Korrupsiyada təqsirli bilinən Ukraynanın keçmiş baş naziri Pavlo Lazarenkonun bankda ən azı 3,6 milyon funt-sterlinq sərvəti var idi. ABŞ-da yaşayan Lazarenko hələ də ölkəsinə qayıtmır və orada 17 milyon dollar oğurlamaqda ittiham olunur.

Müştərilər arasında Misirin keçmiş diktatoru Hüsnü Mübarəkin oğulları Alaa və Camal da var. 2010-cu ilə qədər Aalanın hesabında 138 milyon funt-sterlinq var idi.

Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə