Makrondan Napoleonun ölümünün 200 illiyinə TƏZİYYƏ

Dünən Parisdə 5 May 1821-ci ildə Saint Helena adasında vəfat edən Napoleon Bonapartın vəfatının 200-cü ildönümü münasibətilə mərasim təşkil edilib. SİA Qərb mətbuatına istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron çıxışına bir siyasi jestlə başlayıb: "Unutulmaz tarix".

“Napoleon Bonapart bizim bir hissəmizdir. Adını tələffüz etmək minlərlə xəyal telinin titrəməsi deməkdir, - deyə Emmanuel Makron hətta kövrəlib: "Fransanın döyüşçü və strateq, qurucu və islahatçısının dərsləri bizim günümüzə qədər öz əhəmiyyətini qoruyur, əsrimizə qədər gəlib".

Amma əvvəl Fransa İnstitutunda, sonra Napoleonun Müqəddəs Yelena adasından gətirilib yenidən basdırıldığı Əlillər Evində keçirilən mərasimdə də hiss olunurdu ki, 5-ci Respublikanın 8-ci prezidenti Makron çox narahatdır. Niyə? Bunu tədbirin sonunda biləcəyik. Onu da biləcəyik ki, bir siyasətçinin tarixi şəxsiyyətin anım mərasiminsə öz fəaliyyətini daha çox qabartması, siyasi təbliğat aparması Fransada heç də yaxşı qarşılanmır.

Saat 17:49-da - Napoleonun Müqəddəs Yelena adasında öldüyü vaxt, prezident və xanımı Bonapartın qalıqlarının köçürüldüyü məzara çələng qoyublar. Parlamentin hər iki palatasının rəhbərlərinin, Bonapartın nəslindən olanların, Fransız akademiklərin və lisey şagirdlərinin qarşısında çıxış edən prezident yenə 200 il bundan öncəki Fransa ilə indiki - Makronun Fransasını müqayisə etməyə, daha çox oxşarlıqlar tapmağa cəhd edib. "Həqiqi qələbələr, ən kiçik bir təəssüf üçün yer buraxmayan yeganə cəhalətə qalib gələnlərdir", deyən Makron imperatorun bu sitatını xatırlatmaqla daha vüqarlı görünməyə çalışıb. Beləliklə, ilk sözlərdən fikirlərini o dövr Parisdəki islahatları və hətta inkişafını xatırladıb. Prezidentin çıxışı daha çox dar çərçivədə oxunan tarix haqqında mühazirəsinə bənzəyib.

Ancaq Makron diqqəti daha çox özünün hakimiyyətinə, prezident kimi fəaliyyətinə yönəldərək hətta özünü Napoleonla da bir sıraya qoymağa cəhd edib: “Bir nəfər tarixin gedişatını dəyişə bilər. Napoleonun hər dəfə etməsi lazım olan seçim olmasaydı, komandir kimi istedadı və taktikası, enerjisi, hər şey fərqli ola bilərdi, Fransa bu gün fərqli olardı. Napoleonu sevirlər, çünki həyatı və taleyi şans, risk, təsəvvür və özünüz qalma qabiliyyəti ilə doludur".

Məlumat üçün bildirək ki, gələn ilin yazında Fransada prezident seçkiləri keçiriləcək. Makronun Fransa tarixində önəmli rol oynayan şəxsiyyətlərin anım və doğum günlərində iştirak etməklə, alovlu çıxışlar etməklə əslində öz təbliğatını aparır. Bunu fransız siyasətçilər də bilməmiş deyil. Hətta həmin tədbirdə iştirak edənlər açıq şəkildə Makronun təbliğat apardığını irad kimi bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə