Bizdə ölü dalınca danışmazlar...

Adətən, bizlərdə ölünün arxasınca danışmazlar. Amma erməni saytlarındakı yalan-palanları görəndə, nədənsə, susmaq olmur. Nə isə, ondan başlayım ki, bir neçə gün bunan əvvəl ermənilərin, “komandas” adlandırdıqları generl Arkadi Ter-Tadevosyan ölüb. Ermənilərin dediyinə görə, guya Ermənistanda heç kim onu adı və ya atasının adıyla çağırmazmış. O, Ermənistanda, dediyim kimi, “komandas” kimi tanınarmış. Hansı xidmətlərinə görə, onu da deyə bilmərəm. Amma onun Gürcüstanda doğulduğunu, hərbi təhsil alıb adi sovet zabitlərindən biri olduğunu bilirəm. “Komandas” ayamasını isə, deyilənə görə, ona erməni hərbçi dostu polkovnik Ara Muradyan verib. Yəqin Muradyanın ondan nəsə umacağı olub. Onu da deyə bilmərəm. Amma, onu deyə bilərəm ki, mənim uşaqlıqdan keçəl doğulan bir qonşum vardı, bilirsiniz onun adı nə idi-Zülfü.

İnanın, bu yerdə deyirlər ey, kasıbın nəyi olmasa da, itinə gümüş adı qoyar. Yenə də, nə isə...

Yenə, ölüb deyə adam arxasınca pis danışmaq istəmir. Amma necə deməyəsən ki, rusların 366-cı motoatıcı alayının müftə silaharı ilə silahlanıb əliyalın insanları öldürənə bizdə, təkcə bizdəmi, “komandos” yox, qatil deyirlər.

Demişdim axı, ölüb deyə adam arxasınca pis danışmaq istəmir...

Bu dəfə də ...amma ermənilərin “komandos” ayaması geydirdikləri Arkadi Ter-Tadevosyan 2016-cı ilin Aprel döyüşlərini uzaqdan izləyib erməni saytlarına Azərbaycan Ordusunun güçünü etiraf edəndə, hiss olunurdu ki, onun “komandos”luğu saxta ayamadan başqa bir şey deyilmiş. Çünki onun məğlub erməni hərbçilərinə verdiyi “məsləhətlər” Arkadi Ter-Tadevosyanın hansı hərbi savada malik olduğunu ortaya qoyurdu. Yəni bu, “komandos”luqdan uzaq, naşı bir hərbçi məsləhətləri idi.

...Bir daha xatırladıram, bizlərdə ölüb deyə adam arxasınca pis danışmazlar ...

Lənət sənə, kor şeytan. Amma, bu gün erməni saytları bəlkə də elə özləri bilmədən bəzi etiraflar ediblər. Belə ki, onlar Əjdaha kimi təqdim etdikləri Azərbaycan Ordusu qarşısında öz açizliklərini etiraf ediblər.

...Adam ölənin ardınca danışmaq istəməsə də, Sizlərdən bir şey soruşacam: Siz heç tülkinün Əjdahaya qalib gəldiyini eşitmisiniz?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə