Erməni iqtisadçıdan etiraf: Ermənistan iqtisadi kollabsdadır

“Bu gün ölkə iqtisadi cəhətdən zəlil gündədir, epidemiya və müharibənin səbəb olduğu əhalinin sosial problemləri daha da kəskinləşib. Ticarət və cəmiyyətdəki bir çox qeyri-müəyyənlik meydana mənfi gözləntilər gətirib və bu da Ermənistanda iqtisadi böhranı daha da dərinləşdirib”. SİA erməni mətbuatına istinadən bildirir ki, bu fikirləri bəyan edən erməni iqtisadçı Karlen Xaçatryan hökumətin belə bir şəraitdə passivliyinə təəccübünü belə gizlətmir. Əslində, burada təəccüblü elə də bir şey yoxdur. Daha çox xarici ianələr hesabına ayaqda duruş gətirən Ermənistanın 2021-ci il üçün dövlət büdcəsində elə bir dəyişikliyin olmaması, 2020-ci ilin büdcəsindən elə də fərqlənməməsi də başadüşüləndir.

Qeyd edilməlidir ki, erməni iqtisadçı fərqin, sadəcə olaraq, təkcə ölkənin borc yükündə olduğunu bildirir. Belə ki, Xaçatryanın etirafına görə, dövlət borcunun idarə edilməsinə çəkilən xərclər, təxminən, 27 milyard dram artsa da, ölkənin ayrı-ayrı sahələrinə ayrılan vəsaitlərdə azalmalar daha çox müşahidə edilməkdədir.

Maraqlıdır ki, bu gün rəzil Ermənistanda toxunulmaz fond kimi təkcə Paşinyanın səxavətlə öz əyanlarına payladığı mükafat fondları dəyişməyib.

Məhz bunları əsas kimi gətirən erməni iqtisadçı sual edir: 2021-ci il dövlət büdcəsi iqtisadiyyatda mövcud olan həqiqətləri əks etdirirmi? Yəni bu büdcə ilə ölkəni düşdüyü dərin iqtisadi böhrandan xilas etmək mümkün olacaqmı? Təbii ki, yox! Qeyd edilməlidir ki, bu, təkcə erməni iqtisadçının gəldiyi qənaət deyil. Beləliklə, hazırda Ermənistandakı vəziyyəti dəyişdirmək və iqtisadiyyatda sıçrayış etmək üçün hakim siyasi komandanın heç bir potensialının olmadığını etiraf edən Xaçatryan, əslində, erməni rəhbərliyinin bunun üçün nə istəyinin, nə də elə bir potensialının olmadığını etiraf edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə