Rusiya Lenini müzakirə edir

Rusiya baş naziri Vladimir Putinin rəhbərlik etdiyi Birləşmiş Rusiya Partiyası keçmiş SSRİ-nin qurucusu Vladimir İliç Leninin mumiyalanmış cəsədinin mavzoleydən çıxarılaraq dəfn edilməsini təklif edib. SİA-nın "Ria Novosti" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Kommunist Partiyanın qəti şəkildə qarşı çıxdığı təklifə digər müxalifət partiyaları da "ölkənin başqa gündəmimi yox?" deyə etiraz edir.

 

SSRİ-nin dağılmasından sonra Leninin basdırılması ilə əlaqədar müzakirələr hər il yenidən başlanır. Leninin ölümünün ildönümülərində yenidən gündəmə gələn müzakirələrdə bu dəfə iqtidar partiyası daha konkret danışıb. Birləşmiş Rusiya Partiyasının rəsmi saytına verdiyi açıqlamasında millət vəkili Vladimir Medinski "Lenin çox mübahisəli bir fiqurdur. Ölkəmizin ürəyində olması isə çox axmaqdır" deyib. Medinskinin sözlərinə görə, xalqın yalnız 10 faizi Leninin mavzoleydə qalmasını istəyir, qalanı isə dəfn olunmasını tələb edir.

 

"Ria Novosti"nin xəbərinə görə, iqtidar partiyasından olan bir başqa millət vəkili Robert Şegel də V.Medinski ilə həmfikir olduğunu bildirib: "Onun əlləri milyonlarla insanın qanları üzərindədir. O, ictimai çöküşün və terrorun simvoludur. Lenin böyük bir ölkənin qarşı-qarşıya qaldığı kədərin nümayəndəsidir".

 

Liberal Demokratlar da Leninin basdırılması fikrini dəstəkləyir. Ancaq onlar bir qədər fərqli düşünür. Partiya rəhbərlərindən olan İqor Lebedev xristian inancı səbəbi ilə Leninin mumiyasının dəfn olunmasının lazım olduğunu iddia edir. Kommunist Partiyasının üzvləri isə təklifə çox sərt bir şəkildə qarşı çıxır. Partiyadan olan millət vəkili Viktor İlyuhin "Birləşmiş Rusiya Partiyasından belə bir təklifin səslənməsini başa düşmürəm. Görünür, onların ediləsi başqa işləri qalmayıb".

 

Ədalətli Rusiya partiyasından Gennadi Gudkov da təklifə qarşı çıxaraq "qiymətlər qalxır, elektrik xətləri sıradan çıxır. Danışdığımız islahatlar ortada yoxdur. Leninin hara basdırılacağı ilə əlaqədar mövzudan başqa görüləsi işimiz qalmadımı?" deyib. Leninin xalqın bir qismi tərəfindən bir ikon olaraq görüldüyünü ifadə edən Gudkov qeyd edib ki, azlıqların haqlarına və onların inanclarına hörmət edilməlidir.

 

Qeyd edək ki, V.İ.Lenin 21 yanvar 1924-cü ildə Moskva ətrafı mülk olan Qorkidə vəfat edib. 23 yanvarda Leninin cəsədi Moskvaya gətirilib. Rəsmi vida mərasimi 5 gün gecə-gündüz davam edib. 27 yanvarda Leninin mumiyalanmış cəsədi arxitektor Şusevin inşa etdiyi mavzoleyə qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə