“Yerusalem Post”: “Referendum Türkiyəni İsraildən daha da uzaqlaşdıracaq”
"Türklər AKP-nin Türkiyəni İsraildən uzaqlaşdırma və dünyəvi, İsrail tərəfdarı olan ordunun səlahiyyətlərini azaltma siyasətinə dəstək verdi". SİA-nın məlumatına görə, belə bir iddia ilə "Yerusalem Post" qəzeti çıxış edib.
Qəzetin yazdığına görə, Türkiyədə Konstitusiya dəyişikliklərin qəbulundan sonra İsrail hökuməti Türkiyə-İsrail əlaqələrinin daha da gərginləşəcəyi qənaətinə gəlib: "Ərdoğan bu qədər enerji və siyasi sərmayə xərclədikdən sonra referendumu itirsəydi, ciddi mənada güc itirərdi. Bu da onun bütün siyasi fəallığına təsir edərdi. Türk insanının yandırdığı yaşıl işıq Ərdoğana Türkiyənin xarici siyasəti daxil olmaqla bir çox sahədə yeritdiyi siyasətini davam etdirmək baxımından kömək edəcək. Əlbəttə ki, bu Ərdoğanın xarici siyasəti ilə əlaqədar bir referendum deyil. Ancaq Baş nazir təbliğat kampaniyasına birbaşa rəhbərlik etdiyi üçün referendum Ərdoğanın və ümumilikdə iqtidarın qiymətləndirdiyi bir referenduma çevrildi. Nəticədə baş nazir referendumdan güclənərək çıxdı və bu indiki siyasətin davam etdirilməsi üçün faydalı oldu. Tel- Əviv Ərdoğanın İsrail siyasətini dəyişdirib əlaqələri 2008-ci ilin sonunda təşkil edilən Qəzza əməliyyatı və "Mavi Mərmərə" hadisəsindən əvvəlki şəklinə çevirməyi heç bir şəkildə düşünmədiyi fikrindədir".
Qəzet qeyd edib ki, İsrail hökuməti İsrailin Ərdoğan-ordu qarşıdurmasının qurbanı olduğunu düşünür: "Ərdoğanın referendumla əldə etdiyi nəticələrdən biri də İsraillə yaxın strateji əlaqələr qurulmasını ən çox istəyən təşkilat olan ordunun səlahiyyətlərinin məhdudlaşdırılması oldu. Ərdoğan ordunun səlahiyyətlərini azaltmaq istəyir, başqa sözlə ordu üçün əhəmiyyətli olan nə varsa ortadan qaldırmağa çalışır. Bunlar arasında İsraillə qurulan strateji əlaqə də var. Referendum Ərdoğanın gücünü artırdı. Baş nazir ölkəsinin xarici siyasətini dəyişdirməsi ilə bağlı üzərində heç bir təzyiq hiss etməyəcək. Bu dəyişikliklərdən biri də Ankaranın İsraildən uzaqlaşdırılmasıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB