Kaliforniya od içində

ABŞ-ın Kaliforniya ştatının bir sıra rayonlarında meşə yanğınları səbəbindən fövqəladə vəziyyət rejimi elan edilib. Euronews telekanalı xəbər verir ki, ötən sutka ərzində 365 hektar meşə sahəsinə yayılan və 700-dək evi məhv edən alov tədricən Los-Anceles şəhərinə yaxınlaşır.

Hökumət Kaliforniyanın cənubunda, Meksika ilə sərhəddə yerləşən Potrero şəhərinin bütün əhalisini təxliyyə etmək qərarına gəlib, Azusa şəhərindəki yüzlərlə ev tərk edilib. Santa-Barbara şəhərində alov tornadosu meydana gəlib, San-Dieqo şəhərinin ətrafını qatı tüstü dumanı bürüyüb.

Meşə yanğınları ilə mübarizəyə mindən çox yanğınsöndürən cəlb olunub. Alovun söndürülməsində helikopter və təyyarələr də iştirak edir.

Bölgədə hökm sürən güclü istilər hələ may ayında başlayan yanğınların yayılması üçün əlverişli şərait yaradıb. Ştatın əksər hissələrində termometrlər Selsi şkalası üzrə azı 38 dərəcəni göstərir. Bəzi rayonlarda isə havanın hərarəti hətta 49 dərəcəyə qədər qalxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə