Hillari Klinton 45 milyon dollar topladı

Hillari Klinton 45 milyon dollar topladı

Demokratik partiyadan prezidentliyə namizədliyini irəli sürməyə iddialı olan ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton özünün seçkiqabağı kampaniyasında ehtiyaclarını ödəmək üçün artıq 45 milyon dollara yaxın ianə toplayıb.

Bu barədə onun rəsmi nümayəndələri məlumat yayıb. Vəsaitin toplanmasına aprel ayının ortalarından - Hillari Klintonun rəsmi olaraq ilk dəfə prezident postuna iddiasını səsləndirdiyi vaxtdan etibarən başlanıb.

"New York Times" qəzetinin fikrincə, yığılan bu məbləğ ali dövlət postuna namizədlər arasında keçmiş dövlət katibinin yüksək nüfuzundan və demokratlar arasında aparıcı rolundan xəbər verir. Seçkiqabağı kampaniyaya başlayan siyasətçilər arasında hələ ki, heç bir namizəd bu qədər ianə toplaya bilməyib.

Qeyd edək ki, keçən prezident seçkiləri ərəfəsində Barak Obama həmin müddət ərzində bundan bir neçə milyon dollar az vəsait toplamışdı.

CNN televiziya kompaniyası və ORC tədqiqatlar xidmətinin apardığı sosioloji sorğunun nəticələrinə əsasən hazırda Hillari Klinton, həmçinin Florida ştatının keçmiş qubernatoru Ceb Buş 2016-cı ildə ABŞ-da keçiriləcək prezidentlik postuna namizədlər arasında daha çox populyarlıq qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə