Müəllimlər Meksikanın Gerrero ştatında hökumət sarayını ələ keçiriblər
Dekabrın 3-də Meksikanın Gerreroda ştatında 300 müəllimdən ibarət qrup hökumət sarayını ələ keçirib və əməkdaşları binadan çıxarıb. Bu addım sentyabr ayının axırında İquala əyalətində 43 tələbənin oğurlanmasına etiraz olaraq atılıb. TASS informasiya agentliyi xəbər verir ki, müəllimlərin həmkarlar ittifaqının təşkil etdiyi aksiyanın iştirakçıları Çillansinqo şəhərində yerləşən sarayın qapısını qıraraq binaya daxil olublar. Onlar simvolik olaraq sarayın qapılarını zəncirlə bağlayıb, tələbələr tapılana qədər müəssisənin fəaliyyətinin dayandırıldığını elan ediblər. Daha sonra binanı tərk edən nümayişçilər sarayın işinin bərpa olunacağı təqdirdə qayıdaraq onu yandıracaqlarını bildiriblər.
Artıq bir neçə həftədir ki, İquala əyalətində 43 tələbənin oğurlanmasına etiraz əlaməti olaraq Meksikanın müxtəlif rayonlarında nümayişlər keçirilir. Nümayişçilər tələbələrin tapılmasını və cinayətkarların cəzalandırılmasını tələb edirlər. Aksiyalar zamanı dövlət binaları dəfələrlə hücuma məruz qalıb, polislə toqquşmalar qeydə alınıb.
Qeyd edək ki, sentyabrın 26-da İquala əyalətində polis və cinayətkar qrup üzvləri dinc aksiya keçirən tələbələri atəşə tutmuşdu. Nəticədə 6 nəfər həlak olmuş, 25 nəfər yaralanmış, 43 nəfər isə itkin düşmüşdü.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB