ABŞ Nigeriyada ordu göndərəcək

ABŞ Nigeriyada ordu göndərəcək

Yaxın günlərdə Amerika hərbçilərinin kiçik bir qrupu Nigeriyaya gələcəkdir. Onları bu ölkəyə "Boko haram" qruplaşmasının üzvü olan ekstremistlər tərəfindən aprel ayında oğurlanmış məktəbli qızların axtarışına kömək üçün göndərilir.

Pentaqonun nümayəndəsi Stiv Uorren bildirib ki, ABŞ bununla əlaqədar Nigeriyada heç bir hərbi əməliyyat aparılmasını planlaşdırmır.

Uorrenin sözlərinə görə, amerikalı hərbi qulluqçular qrupu azı on nəfərdən ibarət olacaqdır. İdarələrarası komandanın tərkib hissəsi olan bu qrupa ABŞ Dövlət Departamentinin və Ədliyyə Nazirliyinin nümayəndələri daxil olacaqlar. Komandanın məqsədi girov götürülmüş məktəbli qızların azad edilməsinə dair ekspertiza, kəşfiyyat, təhqiqat və danışıqlar aparmaqdır.

Hərbçilər əsasən axtarış əməliyyatı zamanı rabitənin, arxadan dəstəyin təmin edilməsi və kəşfiyyatın planlaşdırılması üçün cavabdeh olacaqlar.

Uorrenin sözlərinə görə, ABŞ Nigeriyanın hakimiyyət orqanları ilə kəşfiyyat informasiyası mübadiləsinin mümkünlüyünü araşdırır, lakin hələlik heç bir qəti qərar qəbul edilməyib.

ABŞ Prezidenti Barak Obama Nigeriyanın hakimiyyət orqanlarına girov götürülmüş 270-dən çox məktəbli qızın azad edilməsində, Nigeriya hökumətinə isə həmin qızların ələ keçirilməsində iştirak etmiş "Boko haram" radikal qruplaşmasına və bu qəbildən başqa təşkilatlara qarşı mübarizədə kömək göstəriləcəyini vəd edib.

ABŞ Prezidentinin sözlərinə görə, bu qurumların nümayəndələri qızların harada olduğunu müəyyən etməyə və kömək etməyə çalışacaqlar.

Nigeriyada fəaliyyət göstərən radikal yönümlü "Boko haram" qruplaşması bu il aprelin 14-də ölkənin şimal-şərqində yerləşən Şibok yaşayış məntəqəsindəki liseydən 276 məktəbli qızın oğurlanmasına görə məsuliyyəti öz üzərinə götürüb.

Silahlıların başçısı Əbubakar Şekau öz videomüraciətində hədə-qorxu gəlib ki, qruplaşmanın əsir götürdüyü məktəbli qızlar "kölə kimi işlədiləcək, satılacaq və ərə veriləcəklər".

Polisin məlumatına görə oğurlanmış qızlardan 53-ü qaçmağa müvəffəq olub, 223-ü isə quldurların əllərində qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə