Prezidentliyə namizəd hücuma məruz qalıb

Prezidentliyə namizəd hücuma məruz qalıb

Ukraynanın şərqindəki qarşıdurmalar Odessaya da yayılıb. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Rus və Ukrayna tərəfdarları küçələrdə toqquşub. Prezidentliyə namizəd Rusiya tərəfdarı Oleq Tsarev qaldığı oteldə hücuma məruz qalıb.

Hücum zamanı otelin girişi mühasirəyə alınıb, baş verən qarşıdurmada silahlardan istifadə edilib. Polis Tsarevi gizlicə oteldən çıxarıb. Hadisələrdə 7 nəfər yaralanıb.

Ukraynanın Baş naziri Arsen Yatsenyuk da ikinci bir Krım olma yolunda irəliləyən Donetskə gedib.

Yatsenyuk yeni konstitusiya ilə bölgələrə daha çox muxtariyyət veriləcəyinə dair verilən vədə əməl edəcəyini bildirib.

Dövlət binalarını işğal edən nümayişçilərlə görüşməyən Yatsenyuk lazım olsa gücdən istifadə edə biləcəklərinə işarə edib.

Ancaq Kiyevin 48 saatlıq ultimatomunun başa çatmasına baxmayaraq, Donetsk, Luqansk və Xarkovda dövlət binaları hələ də işğal altındadır. İşğalçılar Rusiyanı da köməyə çağırır. Moskva rəhbərliyi də sərhədə minlərlə əsgər yığıb.

Qara dənizdəki hərbi təlimi davam edən NATO da Rus əsgərlərinin fəallığını göstərən peykdən çəkilmiş şəkillər yayımlayıb. Rusiya isə şəkillərin köhnə olduğunu iddia edib.

NATO-nun baş katibi Rasmussen Moskvanı əsgərlərini çəkməyə çağırıb.

Rusiya Xarici İşlər naziri Lavrov isə Ukraynaya girməyə niyyətlər olmadığını söyləyib ancaq xəbərdarlıq edərək deyib ki, bölgələrin hüquqlarına hörmət göstərin.

Bu arada Putinin təbii qaz böhranı mövzusunda aralarında Türkiyənin də olduğu 16 ölkəyə göndərdiyi məktubun əks-sədaları davam edir.

Vaşinqton rəhbərliyi Avropaya təbii qaz axışının kəsilə biləcəyinə dair xəbərdarlığın olduğu məktubu tənqid edib.

Avropa İttifaqı isə Ukraynanın Rusiyaya borcunu ödəyə bilməsi üçün pul verməkdə qərarlıdır.

Digər tərəfdən Ukrayna, Krım bölgəsindən hərbi gəmilərini çəkməyə başlayıb. Ayrıca Krımda yeni konstitusiya qəbul edilib.

Tatarlar parlamentdəki səsverməni boykot edərək konstitusiyanı tanımayacaqlarını açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə