12 noyabr 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu, Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Gənc Alimlər Şurası ilə birlikdə və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyilə təşkil etdiyi "Şərq cəmiyyətləri: ənənə və müasirlik" mövzusunda MDB ölkələri gənc şərqşünaslarının II qurultayı öz işini davam etdirib. SİA-nın verdiyi məlumata görə, "Tarixi araşdırmalar", "Filologiya" və " Fəlsəfə, dinşünaslıq, kulturologiya" bölmələri üzrə 30-a qədər məruzə dinlənilmiş, qızğın fikir mübadiləsi aparılıb.
Qurultay çərçivəsində "Azərbaycan şərqşünaslığının dünya şərqşünaslıq elminə töhfəsi" mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva, AMEA Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu ərəb filologiyası şöbəsinin müdiri Vilayət Cəfər, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin eksperti Məsiağa Məhəmmədi çıxş edərək Azərbaycan şərqşünaslığının nailiyyətlərindən danışmış, akademik Ziya Bünyadov, professor Aida İmanquliyeva, professor Rüstəm Əliyev kimi görkəmli şərqşünasların elmi fəaliyyətindən söz açıblar.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə "Cənubi Qafqaz" Elmi-tədqiqat Mərkəzi (Rusiya) və Türk Akademiyası (Qazaxıstan) arasında "Əməkdaşlığa dair Çərçivə Sazişi"nin imzalanması mərasimi olub.
Qurultayın sonunda bölmə rəhbərlərinin hesabatları dinlənilmiş və ən yaxşı məruzəçilər mükafatlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB